Qadın intim gigiyenasının vacib sirləri - Nələri bilməlisiz?

  • 2021.10.04 18:21
  • 2843 Baxış
Qadın intim gigiyenasının vacib sirləri -  Nələri bilməlisiz?
Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.

Medicina.az xəbər verir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlara riayət etməmək qadın cinsi üzvlərinin bir çox təhlükəli xəstəliklərinin inkişaf etməsinə səbəb ola bilər.

Bəs, qadınların əsas intim gigiyena qaydaları hansılardır?

1-ci qayda. Əfsuslar olsun ki, bir çox qadınlar bilmir ki, uşaqlıq yolu öz-özünü təmizləyən orqandır. Uşaqlıq yolunun daxilini güclü su axarı və ya şırınqa (“sprinsovka”) vasitəsi ilə yuyulması, bu məqsədlə sabundan istifadə edilməsi və s. nəinki lazımsızdır, hətta çox zərərlidir! Bunlar ilkin olaraq uşaqlıq yolunun disbakteriozuna, daha sonra isə digər ginekoloji xəstəliklərə səbəb olur. Yalnız xarici cinsi üzvlər yuyulmalıdır. Bunun üçün axar sudan istifadə etmək lazımdır. Hər dəfə sabundan istifadə etmək ehtiyac yoxdur - bu dərini və selikli qişaları qurudur, üzərində mikroçatlar yaranır. Uşaqlıq yolunun daxilinin yuyulması (və ya ora maye şəklində olan vasitələrin püskürdülməsi) yalnız həkim təyinatı olmaqla aparıla bilər!

2-ci qayda. Qadınların intim gigiyenası üçün çimərkən istifadə edilən adi sabun və gellər uyğun gəlmir. Onlar həm dərini qurudur, həm də bədənin zərif yerlərinin qıcıqlandırılmasına səbəb olur. Bu məqsədlə intim gigiyena üçün nəzərdə tutulmuş xüsusi gellərdən istifadə etmək daha yaxşıdır. Belə gellər dərini yumşaq təmizləyir, zərərli bakterial floranı məhv edir, selikli qişalarda olan qıcıqlanmanı aradan götürür. Belə gellərdən də hər dəfə deyil, ehtiyac yarandıqda istifadə etmək lazımdır.

3-cü qayda. Qadın bezlərini hər 4 saatdan gec olmamaqla dəyişdirmək lazımdır! Bu həm menstruasiya bezlərinə, həm də gündəlik bezlərə aiddir. Çünki onlar bu müddət ərzində cinsi yollardan axan ifrazatı özlərinə hopdurduğu üçün patoloji bakteriyaların inkişaf etməsi üçün yaxşı "qida mühitinə" çevrilir. Qadın bezləri nə qədər çox saxlayırsınızsa, onların xeyri getdikcə o qədər də azalmış, cinsi orqanların iltihabının artması ehtimalı isə yüksəlmiş olur. Allergiyaya meylli qadınlar aromatlaşdırılmış deyil, adi bezlərdən istifadə etməlidir.

Gigiyenik tamponlardan istifadə edərkən, nəzərə almaq lazımdır ki, onlar uzun müddət ərzində (4 saatdan artıq) saxlandıqları halda, qadın orqanizmi üçün çox təhlükəli hesab edilən toksik şok sindromunun inkişafına səbəb ola bilər! Toksik şok sindromunun simptomları: temperaturun birdən-birə kəskin şəkildə qalxması, baş ağrıları, qusma, ishal, ümumi zəiflik, dəri örtüklərinin, ağızın, uşaqlıq yolunun qızarması və s. əlamətlər. Xəstəliyin ilkin əlamətləri qeyd edilən kimi, təcili olaraq həkimə müraciət etmək lazımdır. Ümumiyyətlə isə yadda saxlamaq lazımdır ki, qadın cinsiyyət üzvlərinin hər hansı bir xəstəliyi olarsa, menstruasiya üçün tamponlardan istifadə etmək məsləhət görülmür.

Aybaşı zamanı qadınlar intim sahələrin gigiyena qaydalarına xüsusi olaraq riayət etməlidirlər: bezləri vaxtında dəyişmək, hər dəfə bezləri dəyişdirdikdən sonra axar su ilə aralıq nahiyəsini yumaq lazımdır. Məsələ burasındadır ki, aybaşı zamanı uşaqlıq boynunun xarici dəliyi açılmış olur. Bu zaman uşaqlıq boynu kanalında yerləşən və adi günlərdə cinsi yolları müxtəlif infeksiya və mikrobların daxil olmasından qorumuş olan selikli tıxac hissəvi və ya tam şəkildə olmaqla xaric olunur. Bunun nəticəsində infeksiyaların yuxarı cinsi orqanlara tərəf hərəkət etməsi üçün çox yaxşı bir şərait yaranmış olur.

Məhz buna görə də menstruasiya zamanı qadınlara cinsi əlaqədə olmaq, dənizdə və hovuzda çimmək, vanna qəbul etmək (onu duşla əvəz etmək lazımdır) qadağan olunur.

4-cü qayda. Düzgün seçilmiş alt qadın paltarı da qadın cinsi orqanlarının müxtəlif xəstəliklərdən qorunması üçün çox vacib hesab edilir. Qadın alt paltarı təbii materiallardan (pambıq, kətan) hazırlanmış olmalıdır. Belə paltarlar nəmliyi özünə hopdurur, dəriyə nəfəs almağa imkan verir, bakteriyalar üçün qida mühiti yaratmır.

Sintetik qadın alt paltarlarından istifadə edilməsi ziyanlıdır. Belə alt paltar nəmliyi nə özünə hopdurur, nə də kənara buraxır. Nəticədə dəridə səpgilər və qıcıqlanma sahələri əmələ gəlir. Ginekoloqlar tərəfindən kəskin etirazla qarşılanan, bəzi “müasir” - nazik zolaq şəklində olan qadın alt paltarları (“strinq” və “tanqa”) isə müxtəlif patoloji mikrobların arxa dəlik ətrafından cinsi orqanlara tərəf daşınmasına səbəb olur. Bundan başqa, alt paltarları bədənə sıx səkildə yapışmış olduqları halda, həm dəriyə oksigen daxil olmasının qarşısını alır, həm də yerli qan dövranı pozulur. /saglamolun.az/