“Qara su” korluğa səbəb olan xəstəliklər arasında ikinci yerdədir - Nazirlik

  • 2023.03.13 12:15
  • 1500 Baxış
“Qara su” korluğa səbəb olan xəstəliklər arasında ikinci yerdədir -  Nazirlik
El arasında “Qara su” kimi tanınan qlaukoma xəstəliyi oftalmologiyada ən təhlükəli göz xəstəliklərdən biri hesab olunur.

Bakupost.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti İmran Cərullazadə deyib. Həkimin sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, qlaukoma kataraktadan sonra korluğa səbəb olan xəstəliklər arasında ikinci yerdədir:

"Səbəb isə odur ki, qlaukoma erkən mərhələlərdə asimptomatik keçir. Buna görə də onun nəzarətsiz gedişi görmə qabiliyyətinin geri dönməz itkisinə səbəb olur. Qlaukomanın inkişaf riski 40 yaşdan yuxarı insanlarda olur. Lakin bu xəstəlik gənclərdə və hətta körpələrdə (anadangəlmə qlaukoma) baş verə bilər".

Həkim bildirib ki, qlaukoma görmə sinirinin və tor qişanın zədələnməsinə səbəb olur:

"Bu, göz içi təzyiqinin fərdi normadan artıq olması səbəbindən baş verir və zaman keçdikcə optik sinirin atrofiyasına gətirib çıxara bilər. Qlaukoma, əsasən, iki qrupa bölünür: Açıq bucaqlı qlaukoma və qapalı bucaqlı qlaukoma.
Açıq bucaqlı qlaukoma -bu, demək olar ki, xəstəliyin nisbətən az çox rast gəlinən formasıdır. Əksər hallarda açıq bucaqlı qlaukoma asimmetrik olaraq baş verir və hər iki gözə təsir edir. Patologiyanın bu növü kor ləkənin, sinir liflərinin və görmə sahəsinin struktur və funksional defektinə səbəb olur".


"Qapalı bucaqlı qlaukoma - xəstəliyin nisbətən az rast gəlinən formasıdır. Bu formada gözdaxili təzyiq sürətlə artmağa başlayır. Qapalı bucaqlı qlaukomada bəbəyin genişlənməsinə səbəb olan istənilən vasitə, məsələn, işıq, müəyyən dərmanlar, hətta gözləri müayinə etmək üçün istifadə edilən bəbəkgenişləndirici damcılar qüzeyli qişanın gözdaxili maye axarlarının bloklamasına səbəb olur. Bu zaman göz alması qısa zamanda sərtləşir - təzyiq qəfildən ağrı və görmənin dumanlanmasına gətirib çıxarır. Qapalı bucaqlı qlaukomanın kəskin tutması zamanı şiddətli baş ağrısı, ürəkbulanma, qusma və sinə ağrısı kimi simptomlar müşahidə oluna bilər", - deyə həkim qeyd edib.

Mütəxəssis bildirib ki, bir sıra simptomlar var ki, onlardan hər hansı biri baş verərsə, dərhal həkimə müraciət etmək lazımdır:

"Periferik və ya yan görmə itkisi. Bu, adətən, qlaukomadan görmə itkisinin ilk əlamətidir. İşıq mənbəyinə baxdıqda ətrafında rəngli halqaların görülməsi, gözlərin qızarması, göz ağrısı və baş ağrıları. Ən çox qapalı bucaqlı qlaukoma zamanı baş verir. Ürəkbulanma və ya qusma. Xüsusilə gözlərdə güclü ağrı ilə müşayiət olunarsa".

"Xəstəliyinin erkən mərhələdə aşkar edilməsi, eyni zamanda görmə qabiliyyətini qorumaq üçün ildə bir dəfə profilaktik oftalmoloji müayinədən keçmək tövsiyə olunur", - deyə həkim qeyd edib.