ABŞ-də böyük vəzifəsini buraxıb Xankəndiyə qayıdan həkim: “Yeni Səhiyyə” təhsili qurulur .
Medicina.az xəbər verir ki, Bakupost.az-ın YouTube kanalında yayımlanan “Saturasiya” verilişinin növbəti qonağı Qarabağ Universiteti Klinikasının baş direktoru, Qarabağ Universitetinın Tibb fakültəsinin qurucu dekanı Samir Babayev olub.
Uzman doktor Turanə Rəsulovanın təqdimatında yayımlanan verilişdə Qarabağ Universitetində formalaşdırılan yeni və innovativ tibb təhsili modeli, tibb fakültəsində tətbiq olunan müasir, inteqrativ və klinikaya yönəlik tədris yanaşması, eləcə də Azərbaycan səhiyyəsinin yaxın 5 illik inkişaf vizyonu geniş müzakirə olunub.
Samir Babayev müsahibə zamanı şəxsiyyət və mütəxəssis kimi formalaşmasında mühüm rolu olan insanlar, müəllimlər və mentorlar haqqında danışıb. O bildirib ki, qazandığı bütün bilik və idarəçilik bacarıqları uzun illər Türkiyədə, bir müddət isə Avropa və ABŞ-nin nüfuzlu universitet və klinikalarında çalışdığı dövrdə formalaşıb.
Müsahibədə xüsusilə diqqət çəkən məqamlardan biri də Samir Babayevin ABŞ-də karyerasının ən yüksək mərhələsinə çatdığı bir vaxtda rahat və təminatlı həyatdan imtina edərək, ailəsi ilə birlikdə Xankəndiyə qayıtmaq qərarı olub. O, bu addımı sadəcə, milli kimlik məsələsi, ölkəyə və gələcək nəsillərə xidmət missiyası kimi dəyərləndirib.
Verilişdə Samir Babayev Xankəndidə ona etibar edilən işi necə təşkil etdiyini, bir universitet klinikasının sıfırdan qurulması zamanı hansı prinsiplərə əsaslandığını ətraflı izah edib. Onun sözlərinə görə, əsas məqsəd formal struktur deyil, davamlı, şəffaf və beynəlxalq standartlara uyğun bir sistem qurmaqdır.
Qarabağ Universiteti Tibb fakültəsinin uzunmüddətli perspektivi ,onun gələcəkdə təkcə regionun deyil, bütün Azərbaycanın aparıcı tibb təhsil mərkəzlərindən birinə çevrilməsi hədəfi xüsusi vurğulanıb.
Müsahibədə tələbələr üçün yaradılan ən yüksək səviyyəli akademik və klinik şərait barədə də geniş məlumat verilib. Müasir laboratoriyalar, texnoloji baza, erkən mərhələdən klinik təhsilin inteqrasiyası, mentorluq institutu, hibrid öyrənmə modelləri və beynəlxalq tədris standartları Qarabağ Universiteti Tibb fakültəsinin əsas sütunları kimi təqdim olunub.
Samir Babayevin sözlərinə görə, məqsəd sadəc, diplom verən bir fakültə yaratmaq deyil, düşünən, analitik yanaşan, etik dəyərlərə sahib və qlobal səhiyyə proseslərini anlayan həkimlər yetişdirməkdir.
Verilişdə ən diqqətçəkən məqamlardan biri də Samir Babayevin Azərbaycan səhiyyəsinin əsas problemləri ilə bağlı açıq və prinsipial fikirləri olub. O, kadr hazırlığı, təhsil və praktika arasında boşluqlar, sistemli yanaşmanın vacibliyi və uzunmüddətli strateji planlaşdırmanın əhəmiyyəti barədə ciddi mesajlar verib.
medicina.az
Qeyd edək ki, Samir Babayev Azərbaycan Tibb Universitetini bitirdikdən sonra təhsilini Türkiyədə davam etdirib, daha sonra ABŞ-da rezidentura və ixtisaslaşma mərhələlərini uğurla başa vurub. Uzun illər Amerika səhiyyə sistemində çalışan Babayev müxtəlif klinik və akademik strukturlarda rəhbər vəzifələrdə fəaliyyət göstərib, müasir tibbin tədrisi, klinik idarəetmə, mentorluq və rezident hazırlığı sahəsində praktiki biliklər əldə edib.
Uzun illər New York Medical College, University of Texas Southwestern Medical Center və Mayo Clinic kimi dünya səviyyəli müəssisələrdə rəhbər vəzifələrdə işləyib. Müxtəlif tibbi assosiasiyaların üzvü və rəhbəri olub, çoxsaylı elmi məqalələrin və tədqiqatların müəllifidir. Reproduktiv tibbdə protokolların inkişafı və minimal invaziv cərrahiyyə sahəsində də fəaliyyət göstərib.