Qatıq yemək diabet riskini azaldır?

  • 2024.04.02 13:15
  • 585 Baxış
Qatıq yemək diabet riskini azaldır?
Amerika Qida və Dərman Administrasiyasının (FDA) yeni qərarına görə, qatığın diabet riskini azaltdığını söyləmək mümkündür.

Medicina.az xəbər verir ki, qatığın tərkibindəki probiotiklərin və zülalın qan şəkərini tarazlaşdırmaqda təsirli olduğu düşünülür. Bu isə bizə sağlam qidalanma planı üçün əvəzolunmaz olan qatıq istehlakının əhəmiyyətini xatırladır.

2018-ci ildə ABŞ-də bir qatıq istehsalçısı 2-ci tip diabet riskini azaldan məhsullarının bazara çıxarılmasının təsdiqlənməsi üçün, FDA-ya ərizə təqdim edib. Müraciətdə qatığın 2-ci tip şəkərli diabet hallarının azalması ilə sübuta yetirilmiş əlaqəsi vurğulanıb. Növbəti bir neçə il ərzində FDA bu sübutu qiymətləndirdi və nəticədə "bəzi etibarlı sübutların" qatıq qəbulu ilə diabet riski arasında tərs əlaqəni dəstəklədiyi qənaətinə gəldi.

Qatıq yüksək probiotik və zülal tərkibinə görə sağlam qida kimi tanınır. Dietoloq Karolin Tomason deyir ki, zülal mənbəyi olaraq, qatıq qan şəkərini tənzimləməyə kömək edir və günün gec saatlarında aclıq əlamətlərini tənzimləyir. O, qatığı xüsusən də səhər yeməyi zamanı istehlak etməyi məsləhət görür.

Digər tərəfdən, 2023-cü ildə edilən bir araşdırmaya görə, probiotiklər iltihabı azaltmaq qabiliyyətinə görə tip 2 diabet üçün terapevtik müalicə ola bilər. Qatığın 2-ci tip diabetə təsiri müxtəlif tədqiqatlarla sübuta yetirilib.

Məsələn, 2022-ci ildə “The Journal of Dairy Science” jurnalında dərc edilmiş bir araşdırmada deyilirdi ki, əksər tədqiqatlar fermentləşdirilmiş süd məhsullarının diabetin inkişafına qarşı qoruyucu təsirlərə malik olduğu aşkarlanıb. Xəstəlikdən qoruyan qidalar arasında ən təsirlisi qatıq hesab olunub.

“Journal of Nutrition”da 2017-ci ildə nəşr edilən bir araşdırmada isə qatığın ürək-damar riski yüksək olan yaşlı insanlarda tip 2 diabet riskini azalda biləcəyi qənaətinə gəlinib.

Qan şəkəriniz üçün ağıllı bir seçim etmək istəyirsinizsə, rəflərdəki hərhansı bir qatığı almamağınız daha yaxşı olar. Çünki alimlər diabet və digər xəstəliklərin qarşısını almaq üçün təbii, probiotiklərlə, həmçinin zülalla zəngin qatıqları yeməyi məsləhət görürlər. Qatığı evdə hazırlamaq isə ən doğru seçim olacaq.


Aysel