Qeysəriyyə əməliyyatları niyə artır? - STATİSTİKA

  • 2018.01.30 14:50
  • 19776 Baxış
Qeysəriyyə əməliyyatları niyə artır? -  STATİSTİKA
Azərbaycanda ümumi doğuşların sayı azalsa da, qeysəriyyə əməliyyatlarının sayı artmaqda davam edir. Statistikaya görə, 2012-ci ildə Azərbaycanda 173376 doğuşun 30794-ü, 2013-cü ildə 171508 doğuşun 28954-ü, 2014-cü ildə 168889 doğuşun 30561-i, 2015-ci ildə 164614 doğuşun 45942-si, 2016-cı ildə 158051 doğuşun 46555 -i qeysəriyyə əməliyyatı ilə olub.


Ölkədə hər 100 doğuşa düşən qeysəriyyə əməliyyatlarının sayı da artıb. Azərbaycanda 2014-cü ildə hər 100 doğuşdan 18,1-i, 2015-ci ildə 27,9-u, 2016-cı ildə 29,5-i qeysəriyyə kəsiyi ilə olub.


Qeyd edək ki, Səhiyyə Nazirliyi qeysəriyyə əməliyyatlarının tibbi göstərişlə həyəta keçirilməsi üzərində nəzarəti gücləndirəcək. Bu məsələ səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə təsdiqlənən "Azərbaycan Respublikasında uşaq ölümünün azaldılmasına yönəldilmiş əlavə tədbirlər”ə daxil edilib. Bu tədbirlər nəticəsində Azərbaycanda qeysəriyyə əməliyyatlarının azalacağı gözlənilir. Tədbirlərdə bildirilib ki, hər bir uşaq ölümü ilə bağlı 106 nömrəli forma üzrə operativ məlumat elektron qaydada alınsın və bu işə nəzarət gücləndirilsin ("Trend”).


Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun böyük elmi işçisi, tibb üzrə fəlsəfə doktoru Aynurə İsmayılova "Ekspress”ə bildirib ki, qeysəriyyə əmiyyatına ana tərəfindən və döl tərəfindən göstərişlər ola bilər: "Döl tərəfindən olan göstərişlər zamanı döldə kəskin hipoksiya əmələ gəlirsə, oksigen çatışmazlığı baş verirsə, bu zaman qeysəriyyə əməliyyatına göstəriş verilir. Döl baş gəlişi ilə gələndə normal fizioloji doğum aparılır. Amma döl köndələn yerləşəndə və yaxud sarğı gəlişi, başı ilə gəlişində qeysəriyyə əməliyyatı keçirilir. Ana tərəfdən olan göstərişlərə dar çanaq, ciftin yanlış yerləşməsi, təzyiqin çox yuxarı olması və sidikdə zülalın artması aiddir. Uşaqlıqda çapığın olması zamanı da qeysəriyyə seçilir”.


Müsahibimizin dediyinə görə, doğumdan öncə uşaqlıqda hansısa cərrahi müdaxilə aparılıbsa, ya da elə qeysəriyyə əməliyyatı keçirilibsə, yenə də qeysəriyyə əməliyyatı təyin edilir. "Bu bizdə təkrar əməliyyata göstərişdir”.


A.İsmayılova bildirir ki, qeysəriyyə əməliyyatlarının artmasının əsas səbəbi buna olan göstərişlərin genişlənməsidir: "Bu həm vaxtından əvvəl doğulan uşaqların qorunması məqsədilə aparıla bilər. Və yaxud ciftin ayrılması zamanı, dölün yerləşməsi ilə bağlı qeysəriyyə aparılır. Bəzi hallarda əvvəlki illərdə qadının da istəyi nəzərdə tutulurdu. Qadın qeysəriyyə əməliyyatı istəyirdisə, bunu həkimlər edirdilər. Amma indi Səhiyyə Nazirliyinin tərtib etdiyi protokola əsasən qadının istəyi əməliyyata göstəriş kimi nəzərdə tutulmur. Yalnız tibbi göstərişə əsasən qeysəriyyə aparıla bilər. Qadının istəyi ilə bu əməliyyat keçirilmir. Qadın tam sağlamdır, fizioloji doğuşa gedə bilərsə, o, həkim tərəfindən buna hazırlaşdırılmalıdır. Fizioloji doğuş daha yaxşıdır. Çünki aparılan qeysəriyyə kəsiyi daha sonra növbəti doğuş zamanı qeysəriyyə əməliyyatının aparılmasına göstəriş olur. Fizioloji doğumdan sonra qadın daha tez bərpa olur, uşağına qulluq edə bilir. Amma qeysəriyyə kəsiyi əməliyyat olduğuna görə qadın gec bərpa olur, uşağına qulluq etməkdə çətinlik çəkir. Elə xarici dövlətlər var ki, orada qadının istəyi ilə qeysəriyyə əməliyyatı keçirilir, bizdə isə mütləq buna tibbi göstəriş olmalıdır”.


Qeyd edək ki, qeysəriyyə kəsiyi əməliyyatı üzrə klinik protokol Səhiyyə Nazirliyi kollegiyasının 3 oktyabr 2013-cü il tarixli 30 saylı qərarı ilə təsdiq edilib. Buna baxmayaraq, qadınların öz istəyi ilə də aparılan qeysəriyyə əməliyyatları kifayət qədərdir.


Qeysəriyyə əməliyyatı cərrahi operasiya olub, uşağın ana qarnından çıxarılma üsulu ilə dünyaya gəlməsi üsuludur. Bu üsulun ancaq o halda elmi əsası var - nə zaman ki, ana özü təbii doğuş yolları ilə uşağı azad edə bilmir.


Qeysəriyyə əməliyyatı cərrahi əməliyyat olsa da, bəzi hallarda doğuşun təbii yolla getməsindən üstün hesab edilir. Amma ümumilikdə götürdükdə, təbii doğuş həm ana, həm də uşaq üçün ən təhlükəsiz üsul olaraq qalır. Hətta ana əvvəl bir və ya bir neçə qeysəriyyə əməliyyatı keçiribsə də.

İlk baxışdan qeysəriyyə əməliyyatı uşaq azad olmasının tez və asan üsuludur. Digər cərrahi əməliyyatlarla müqayisədə o, daha təhlükəsizdir. Qeysəriyyə əməliyyatı ilə doğuş təbii doğuşdan bir qədər asan, tez və dəqiq proqnozludur. Əməliyyat narkoz altında aparıldığından ağrısızdır. Həmçinin həkim doğuşu bu üsulla həyata keçirəndə daha çox əmək haqqı alır. Bütün bunlar qeysəriyyə əməliyyatını daha cəlbedici edir, həm qadınlar, həm də həkimlər (akuşer-ginekoloqlar) üçün.

Daha dəqiq və qərəzsiz elmi araşdırma qeysəriyyə əməliyyatlarının bir çox böyük çatışmazlıqlarını aşkara çıxarır. Ona görə də bu operasiya o zaman məsləhət görülür ki, təbii doğuş təhlükəli və ya bəzi tibbi göstərişlər baxımından mümkün deyil. Əməliyyat riskini anesteziya (narkoz), infeksion və qanaxma (qanitirmə) kimi ciddi problemlər riskini yüksəldir. Uzunmüddətli hospitalizasiyaya ehtiyac yaranır. Əməliyyatdan təxminən bir həftə sonra ağrılar hiss olunur, halsızlıq meydana çıxır. Bütün bunlar isə uşağa qulluğu çətinləşdirir, daha çox antibiotik, ağrikəsici tələb olunur. Qanköçürmə ehtimalı yarana bilər. Düzdür, yuxaridakı mənfi hallar təbii doğuş zamanı da mümkündür, ancaq qeysəriyyə əməliyyatı zamanı daha tez-tez müşahidə olunur. İşə çıxmaq və ev işlərini görə bilmək daha uzun müddətə mümkün olur.