Qızılca peyvəndi ilə bağlı açıqlama - Kimlərə, nə zaman vurulmalıdır?

  • 2024.01.19 11:33
  • 1893 Baxış
Qızılca peyvəndi ilə bağlı açıqlama -  Kimlərə, nə zaman vurulmalıdır?
Kəskin respirator virus infeksiyalarından qorunmağın ən effektiv yolu peyvəndlənmədi. Qeyd edim ki, Azərbaycanda tətbiq olunan və Səhiyyə Nazirliyi tərəfindən ölkəmizə gətirilən 3 komponentli “QPM” vaksini qızılca ilə yanaşı, parotit və məxmərək kimi virus mənşəli xəstəliklərə qarşı olan bir peyvənddir.


Medicina.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun infeksionisti Günay Əliyeva deyib.


O bildirib ki, uşaqların sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə ölkədə qüvvədə olan “Profilaktik peyvəndlər təqvimi”nə əsasən 1 və 6 yaşlarında olan bütün uşaqlar 2 dəfə qızılca, epidemik parotit və məxmərək infeksiyalarına qarşı vaksinasiya olunmalıdırlar.

Peyvəndin 1-ci dozasını vaxtında almayan uşaqlar tez bir zamanda vaksinasiya olunmalı, 6 yaşına çatdıqda isə peyvəndin 2-ci dozasını almalıdırlar.

Hər hansı səbəbdən peyvəndin 2-ci dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar tez bir zamanda peyvəndin 2-ci dozasını almalıdırlar.

Peyvəndin hər iki dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar minimum 4 həftə intervalla peyvəndin 1-ci və 2-ci dozasını almalıdırlar.

11-40 yaşlı əhali qruplarına aid olan şəxslərə isə qızılcadan qorunmaq üçün 1 doz vaksin olunması kifayətdir.

Valideynlərin nəzərinə çatdırım ki, əgər övladlarınız peyvənd olunmayıbsa, onları riskə atmamaq üçün Səhiyyə Nazirliyinin tətbiq etdiyi peyvənd təqviminə uyğun olaraq mütləq peyvənd etdirin.