"Quş qripi" ilə bağlı monitorinqlərin nəticələri açıqlanıb - AQTA

  • 30 Dek 2019 17:59
  • 888 Baxış
"Quş qripi" ilə bağlı monitorinqlərin nəticələri açıqlanıb -  AQTA

Azərbaycan Qida Təhlükəsiliyi Agentliyi (AQTA) ölkə ərazisinin yüksək patogen quş qripi xəstəliyindən qorunması məqsədilə keçirdiyi epizootoloji monitorinqlərin nəticələrini açıqlayıb.

Medicina.az xəbər verir ki,AQTA-dan verilən məlumata görə, Abşeron yarımadasında, Şabran, Ağcabədi, Salyan və Lənkəran rayonlarındakı Milli park və təbiət qoruqlarında, su-bataqlıq ərazilərində, eləcə də respublikamızın dənizsahili zonalarının ərazilərində aparılan monitorinqlər zamanı çöl quşlarına ümumi baxış keçirilib.

Epizootoloji məlumatlar toplanaraq təhlil edilib, habelə təsadüfi qaydada ovlanmış müxtəlif növlərə aid 64 baş çöl quşundan patoloji material götürülüb. Həmin müddətdə Abşeron, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı ailə təsərrüfatlarında 250 baş müxtəlif növ quşdan, Sumqayıt şəhəri, Abşeron, Lerik, Cəlilabad, Sabirabad, Hacıqabul, Xızı, Siyəzən və Şabran rayonlarında yerləşən sənaye əsaslı iri quşçuluq müəssisələrində və kiçikhəcmli kommersiya tipli 14 quşçuluq təsərrüfatında 210 baş ev quşundan qan nümunələri götürülərək seroloji monitorinqlər də keçirilib.

Monitorinqlər müddətində çöl quşlarından götürülmüş patoloji materiallar Biotəhlükəsizlik çadır tipli səhra (mobil) laboratoriyasında, ev quşlarından alınan diaqnostik nümunələr isə Biotəhlükəsizlik səyyar laboratoriyasında müayinə edilib. Müayinə zamanı yüksək patogen quş qripi xəstəliyinin törədicisi aşkar olunmayıb.

Qeyd edək ki, keçirilən monitorinqlər çərçivəsində xəstəlikdən tələf olan quşlara rast gəlinməyib.