Şagirdlərin davranış pozuntularının 5 səviyyəsi

  • 2022.10.18 17:23
  • 2285 Baxış
Şagirdlərin davranış pozuntularının 5 səviyyəsi


Məktəblərdə şagirdlərin davranış pozuntuları ağırlıq dərəcəsinə görə təsnifatlandırılıb.

"Medicina" xəbər verir ki, bunu Elm və Təhsil Nazrliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.

O bildirib ki, sənəddə davranış pozuntularının ağırlığına görə 5 səviyyə müəyyənləşdirilib.

"1-ci səviyyə yüngül səviyyəli qayda pozuntularıdır. Üzrsüz səbəbdən dərsə gecikmək, ev tapşırığını yerinə yetirməmək, böyüklərə qarşı nəzakətsiz davranmaq və s. 2-ci səviyyə orta səviyyəli qayda pozuntularıdır. Məsələn, yalan danışmaq, həqiqəti gizlətmək və ya təhrif etmək, təhlükəsizlik qaydalarını pozmaq (Məsələn, pəncərədən çölə əyilmək, sürahilərdə sürüşmək), başqalarına emosional-fiziki zərər vuran ehtiyatsız hərəkət və davranışa yol vermək və s.

3-5-ci səviyyə ciddi və ağır qayda pozuntularıdır. Başqasının əşyasına və ya məktəb əmlakına zərər vurmaq, əks cinsin nümayəndəsinə qarşı qeyri-etik şəkildə davranmaq, zorakılıq etmək, dalaşmaq və ya zorakı şəkildə qisas almaq və s.

Birbaşa 5-ci səviyyə hesab olunan qayda pozuntuları isə çox ağır qayda pozuntularıdır".

Elnur Əliyev əlavə edib ki, şagird davranış qaydaları ümumtəhsil məktəbləri üçün çərçivə xarakteri daşıyır. Bu qaydalar əsasında məktəblər özləri də daxili qaydalarını tərtib edə bilərlər. Nizamnamədə onlara bu səlahiyyət verilib. Məqsəd şagirdlərin bütün davranış qaydalarını nazirlikdən idarə etmək deyil. /apa.az/

Aygün Musayeva