Qulunc ağrısına görə həkimə gələn kişinin ağciyərində şiş tapıldı – Azərbaycanda nevroloqdan xəstəni şok edən diaqnoz

  • 03 İyul, 2019
  • 31794 Baxış
Qulunc ağrısına görə həkimə gələn kişinin ağciyərində şiş tapıldı  – Azərbaycanda nevroloqdan xəstəni şok edən diaqnoz
60 yaşlı kişi 1 ildən yuxaı idi  beldə qabırğa nahiyəsində ağrılardan əziyyət çəkirdi, qabırğalararası nevralgiya, el arasında qulunc ağrısından şübhələnərək buna qarşı müayinə və müalicələrdən keçib. İlk əvvəl yaxma, maz, kompress, masaj kimi türkəçarə sınayır, bunlar təsir etmədikdə isə bir klinikada həkimin yenə də nevralgiya diaqnozu üzrə yazdığı iynə-dərman müalicəsini alır. Amma bütün bu tədbirlər effektsiz olub,  ağrılar azalmayıb, əksinə daha da  şiddətlənib. 

Bu dəfə nevroloq Babək Aslanova müraciət edən xəstə bel ağrılarına çarə axtararkən, heç ağlına gəlməyən diaqnozla üz-üzə qalır.
Medicina.az xəbər verir ki, pasiyenti müayinə edərkən həkim onun qabırğalararası əzələ və boşluğunun yox, qabırğaların və döş qəfəsinin sümüklərinin özünün ağrılı olduğunu təsbit edir.  

"Ağrı nahiyəsini palpasiya etdikdə, qabırğalar arasında nevralgiya görmədim. Döş qəfəsində batıq-deformasiya var idi. Adətən belə ağrılar onun istifadə etdiyi dərmanlarla keçib getməliydi. Keçməyibsə, deməli xəstəlik dəqiq differensasiya olunmalıdır. 

Yaşı 50-dən yuxarı olan insanlarda qeyri-spesifik ağrılar ola bilir. Ağrının müalicəyə tabe olmaması, qabırğaların sümüyündə ağrı, deformasiya bizdə şübhə yaratdı ki, xəstədə ağrının səbəbi daha ciddi xəstəlikdən qaynaqlana bilər. Dəqiq müayinə üçün KT təyin etdik, xəstə də yaxşı ki, bizi dinlədi, tomoqrafiyadan keçdi və təəssüf ki, şübhələndiyim diaqnoz təsdiqləndi. Ağciyərinin bir payında 12 sm-ə yaxın böyük bir şiş aşkarlandı və xəstə onkoloqa yönləndirildi. Şişin metastaz verib-verməməsini onkoloqlar araşdıracaq, amma çox güman ki, bir xeyli müddətdir o şiş orda var, ölçüsü böyüdükcə qabırğa, döş qəfəsinə ağrılar yayırdı”.
 

 
 
Babək Aslanov təcrübəsində belə faktların olduğunu bildirdi. İnsanlar bel ağrısı ilə gəlib, onlarda onurğada şiş, fəqərələrarası iltihab, brüselyoz, vərəm aşkarlanıb. Belə məqamlarda həkim təhlükə əlamətləri – tibdə"qırmızı cizgilər”deyilən məqamlara fikir verməlidir. Xəstənin yaşı 50-dən yuxarıdırsa, anamnezi şübhəlidirsə, ağrının yeri nevralgiyaya uyğun deyilsə,  bu vaxta kimi nevroloqların müalicəsi effekt verməyibsə, qan analizində dəyişikliklər varsa, xəstə daha ətraflı müayinəyə alınmalı, həkim bu xəstədə aşkar oluna biləcək ən çətin, ağır diaqnozları istisna etməlidir. Fərqi yoxdur xəstə terapevtə yaxınlaşıb, nevroloqa gəlib, bizim sahəmizdir,ya yox, xəstə ciddi müayinə olunmadan buraxılmamalıdır. 
 
Statistikaya görə bütün bel, onurğa ağrılarının 5 %-i spesifik ağrılardır, burda onkologiya istisna deyil.
 
"Hər soyuq olub, belim əzələm,, onurğam ağrıyır deyən xəstədə yalnız lyumbalgiya, nevralgiya, radikulit, yırtıq axtarmaq səhv olar. Bu xəstədə olduğu kimi başqa ciddi xəstəliklər də var və bunu aşkarlamaq həkimin borcudur. Differensial diaqnostika tibdə vacibdir”.