TƏBİB-in dəstəyi, Şamaxı Rayon İcra Hakimiyyəti, Şamaxı Rayon Mərkəzi Xəstəxanası və Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə Şamaxıda görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunan “İşıqlı düşüncə, sağlam gələcək” adlı regional elmi-praktik konfrans keçirilib.
Medicina.az xəbər verir ki, tədbirin məqsədi səhiyyə sahəsində müasir yanaşmaların müzakirəsi, tibbi bilik və təcrübə mübadiləsinin təşkili, eləcə də əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi olub.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxışında akademik Zərifə xanım Əliyevanın Azərbaycan tibb elminə verdiyi töhfələrdən bəhs edib, onun xüsusilə oftalmologiya sahəsində xidmətlərinin bu gün də böyük əhəmiyyət daşıdığını vurğulayıb. O, regionlarda səhiyyə infrastrukturunun inkişafının vacibliyini qeyd edib və belə tədbirlərin həkimlərin peşəkar inkişafına mühüm töhfə verdiyini bildirib.
TƏBİB-in İxtisaslı tibbi xidmətin təşkili departamentinin rəhbəri Nəzrin Mustafayeva Zərifə xanım Əliyevanın elmi irsinin bu gün də aktuallığını qoruduğunu diqqətə çatdıraraq qeyd edib ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 20-yə yaxın Göz Mərkəzi yaradılıb və bugünədək 40 minə yaxın oftlamoloji əməliyyat uğurla icra olunub.
Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müşaviri Şöhrət Qədimov çıxışında akademik Zərifə xanım Əliyevanın səhiyyə sahəsinə verdiyi töhfələrin bu gün də böyük örnək olduğunu diqqətə çatdırıb.
Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyev elmi-praktik tədbirlərin keçirilməsinin Zərifə xanım Əliyevanın zəngin irsinin yaşadılması və region səhiyyəsinin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Konfrans çərçivəsində akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş qısametrajlı film nümayiş etdirilib.
Daha sonra müxtəlif multidisiplinar tibbi mövzular üzrə elmi məruzələr təqdim olunub. Uzman Dr. Azər Əhmədov oftalmologiya sahəsində müasir yanaşmalar və praktik təcrübələr barədə çıxış edib. Həmçinin Uzman Dr. Mədinə Fərziyeva, Dr. Vüsalə Yaşar və Uzman Dr. Zakir Quliyev tərəfindən pediatrik yaş qrupunda rast gəlinən göz xəstəliklərinin simptomları, diabetik retinopatiyanın diaqnostika və müalicə mərhələləri, infeksion xəstəliklər zamanı göz təzahürləri, eləcə də revmatoloji xəstəliklərdə göz əlamətlərinin erkən aşkarlanması kimi aktual mövzular geniş şəkildə təqdim olunub.