Şaxta babanın olmadığı uşağa hansı yaşda deyilməlidir? – PSİXOLOQ TƏLİMATLANDIRIR

  • 2017.12.15 19:33
  • 18252 Baxış
Şaxta babanın olmadığı uşağa hansı yaşda deyilməlidir? –  PSİXOLOQ TƏLİMATLANDIRIR
Yeni il yaxınlaşır və bu bayramı xüsusilə də uşaqlar səbirsizliklə gözləyirlər. Axı Şaxta baba qarlı dağlar aşaraq, çox ellər dolaşaraq məktub vasitəsilə yazıb istədikləri hədiyyələri gətirəcək.


Kifayət qədər böyümüş, 8-9, hətta 10 yaşlı uşaqlar var ki, onlar hələ də Şaxta babanı real varlıq kimi təsəvvür edərək, ona istək məktubları yazırlar.

 

Bəs əslində uşaqlar Şaxta babaya inanmalıdırlarmı?

 

Onlara nə zaman həqiqəti demək lazımdır?


Medicina.az xəbər verir ki, mövzu ilə bağlı Ailem.az-a danışan psixoloq Narınc Rüstəmova deyir ki, uşaqlarda Şaxta babaya məhəbbəti yaratmaq lazımdır:

 

"Əslində uşaqda inam formalaşdırmağa ehtiyac var. Nəyəsə inanmağa ehtiyac duyan uşaqlarda, məhəbbət, sevgi, vicdan hissləri formalaşır. Amma bunu uşağın 7 yaşına qədər etmək lazımdır. Uşaq 7 yaşdan sonra hədiyyənin Şaxta baba tərəfindən yox, valideynləri tərəfindən gətirildiyini anlamalıdır. Elə valideynlər var ki, bunu uşağa bildirmirlər. Və bu, 7 yaşdan sonra da davam edir. Onsuz da uşaq bunu hardansa eşidir və o zaman onda bir güvənsizlik formalaşır ki, məni aldatdılar, məndən gizlətdilər. Çox zaman uşaq gəlir valideynlərinin aldığı oyuncaqları şkafın içərisindən axtarıb tapırlar. Ya da yatmırlar, gözləyirlər ki, atası, ya anası hədiyyəni nə zaman gətirib qoyacaq”.


Onun sözlərinə görə, 6-7 yaşa qədər uşaqlarda təxəyyül, fantaziya çox yüksək olur, ancaq sonradan zəifləməyə başlayır:

 

"7 yaşa qədər uşaqlarda fantaziya güclü olur. Ona görə də Şaxta babaya inanma ehtiyacı duyur və sevirlər. Hətta biz öz oğlumuz üçün kökə bişirib, südlə bərabər yolka ağacının altına qoyuruq. Deyirik ki, Şaxta baba gəlib kökəni yeyəcək, süddən də içəcək və təşəkkür hədiyyəsi verəcək bizə. O da bu şəkildə inanmaq istəyir. Burada uşağın psixoloji tutumu da əhəmiyyətlidir. Məsələn, mənim oğlumun zəka inkişaf səviyyəsi çox yüksək olduğu üçün 5 yaşından sonra anlamağa başladı ki, Şaxta baba həqiqət deyil, bizim yaratdığımız obrazdır. Bu, heç də onu zədələmədi. Çünki biz ona bunu fərqli şəkildə aşılamışıq. Hansısa oyuncağı qabağına qoyub demirik ki, bunu Şaxta baba gətirib. Deyirik ki, Şaxta babaya məktub yazaq və o sənə hədiyyəni gətirsin. Oğlum artıq bilir ki, həmin hədiyyələri biz alırıq. Amma bildiyini birbaşa bizim üzümüzə də vurmur və məktub yazır. Odur ki, bunu uşağa davranışları ilə əlaqədar bir mükafat kimi göstərmək lazımdır. Məsələn, deməliyik ki, sən yaxşı hərəkətlər edəndə Şaxta baba onları görür. Yaxşı uşaqlara yaxşı hədiyyə alır. Sən istədiyin hədiyyəni, il boyu etdiyin yaxşı hərəkətləri yaz, qoy Şaxta baba da bilsin. Bəlkə nəsə yadından çıxıb, sən yadına sal. Həmin məktubda uşaqlar yaza bilər ki, mən bu gün özümü yaxşı aparmışam, özüm çimmişəm, otağımı yığışdırmışam və sair. Əgər o, balacadırsa və yaza bilmirsə, desin, valideyni yazsın. Yaxud etdiyi işlərin şəklini çəksin. Mənim oğlum otağının şəklini çəkirdi ki, yəni mən otağımı səliqəyə salmışam. Biz həmin məktubu bəzəyib çox sevinclə yolkanın yanına qoymuşduq ki, Şaxta baba gəlib oxuyacaq. Yəni Şaxta baba gəldi hədiyyəni verdi ilə bitməməlidir. Bu, uşaqlara ona görə aşılanır ki, onlar yaxşı qiymətlər alsın, özlərini yaxşı aparsınlar ki, ilin sonu mükafatlandırılsınlar”.


Mütəxəssis hesab edir ki, uşaqları nağıl dünyasından ayırmaq olmaz. Bu, onların vaxtından tez böyüməsinə səbəb olur: "Balaca uşağa Şaxta baba yoxdur, bunlar boş-boş şeylərdir demək düzgün deyil. Bu şəkildə uşaqları yaşından tez qocaltmağın mənası yoxdur. Belə olanda uşaqlar daha çox yüklü olur, problemlərlə yüklənir. Düşünür ki, atamın pulu yoxdur, filan şeyi istəməyim. Uşaqları çox yükləyirlər və onlar da vaxtından tez yükləndiyi üçün nevrozlar, problemlər, qorxu halları ilə üzləşirlər. Uşaqların bir az əylənməsinə, onların uşaq dünyasına da dəyər vermək lazımdır. Uşaqları həvəsləndirin, yaxşı davranışlar aşılayan Şaxta baba mesajı verin. Çünki inanclar həm də bizim dini təməllərimizi formalaşdırır. Mütləq uşaqları nəyəsə inandırmalıyıq. Ümumiyyətlə, insan nəyəsə inanmaq ehtiyacı duyur. Uşaqda da bu kimi inancları formalaşdırmaq vacibdir və uşaqların dünyasını yıxmaq olmaz”.