Səhiyyə naziri Türkiyədəki azərbaycanlı həkimlərlə görüşdü

  • 2022.05.18 12:54
  • 4010 Baxış
Səhiyyə naziri Türkiyədəki azərbaycanlı həkimlərlə    görüşdü

Türkiyədə səfərdə olan Azərbaycanın səhiyyə naziri Teymur Musayevin bu ölkədə çalışan və ya təhsilini davam etdirməkdə olan azərbaycanlı həkimlərlə görüşü keçirilib.



Görüş Ankarada yerləşən Şuşa Konfrans Zalında Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin və Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı Həkimlər Dərnəyinin birgə təşkilatçılığı ilə baş tutub.


Görüşdə səfir Rəşad Məmmədov çıxış edərək, Türkiyədəki azərbaycanlı həkimlərin istər 44 günlük Vətən müharibəsində, istərsə də koronavirus pandemiyası dövründə fədakarlığını qeyd edib, bu görüşün xüsusi əhəmiyyətini vurğulayıb.


Səhiyyə naziri Teymur Musayev ölkəmizdə səhiyyə sahəsinə ayrılan xüsusi diqqətdən danışıb, son illərdə ölkədə səhiyyə sahəsində aparılan islahatlar barədə məlumat verib.



Azərbaycanlı həkimlər səhiyyə nazirinə fəaliyyət prosesində rastlaşdıqları problemlər barədə məlumat verib və təkliflər irəli sürüb.