Danimarkanın paytaxtı Kopenhagen şəhərində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Komitəsinin 75-ci sessiyası keçirilir.
"Medicina" xəbər verir ki, sessiyada ÜST-nin Avropa regionunda ali idarəetmə orqanı olan Regional Komitənin 53 üzv dövlətinin səhiyyə nazirləri, beynəlxalq təşkilatların nümayəndələri və digər rəsmilər iştirak edirlər. Azərbaycan Respublikası tədbirdə səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.
Tədbirin açılışında Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus qlobal səhiyyənin cari problemlərini qeyd edərək, Təşkilat tərəfindən bu çatışmazlıqların aradan qaldırılması istiqamətində həyata keçirilən işlər haqqında məlumat verib.
Öz növbəsində ÜST-nin Avropa üzrə regional direktoru Hans Henri Klüge beynəlxalq qurumun ötən sessiyadan indiyədək gördüyü işlərə dair məlumat verib.
Ardınca ÜST-nin Avropa Regional Komitəsinin sessiyasının gündəliyi müzakirəyə təqdim edilib. Sessiyanın gündəliyi ÜST-nin növbəti beşillik “Avropa İş Proqramı 2026–2030”, idarəetmə orqanlarına seçkilər və strateji səhiyyə təşəbbüslərinin təsdiqi kimi mühüm məsələləri əhatə edir.
Daha sonra Regional Komitənin üzv dövlətlərinin səhiyyə nazirləri və digər rəsmilər çıxış ediblər.
Sessiyada çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, Səhiyyə Nazirliyi Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun gələcəyin sağlamlıq sistemini formalaşdırmaq məqsədilə təşəbbüslərini və üzv dövlətlərin milli səhiyyə sistemlərininin transformasiyasının dəstəklədiyini yüksək qiymətləndirir: “Avropa İş Proqramında müəyyən edilmiş üç əsas prioritet Azərbaycanın milli səhiyyə sisteminin gələcək istiqamətləri ilə uyğundur”.
Oktyabrın 30-u yekunlaşacaq tədbir panel sessiyalarda müxtəlif mövzular ətrafında müzakirələrlə davam edəcək.