Şəkərli diabet nə üçün yayılır? - Qorunmaq və müalicə üçün nə etməli?

  • 2020.11.16 16:38
  • 2299 Baxış
Şəkərli diabet nə üçün yayılır?  - Qorunmaq və müalicə üçün nə etməli?


Dünyada hal-hazırda 430 milyondan çox şəkərli diabet xəstəsi var.Yəni dünyada hər 11 adamdan biri diabet xəstəsidir. Lakin 1980-ci ildə bu rəqəm 108 milyon idi. Gördüyümüz kimi, cəmi 40 ilə 4 dəfə artıb. Hesablamalara görə tədbirlər görülməsə bu rəqəm 2030-cu ildə 630 milyona qədər çatacağı gözlənilir. Azərbaycanda bu rəqəm 430 000-dən çoxdur.Hal-hazırda Səkərli diabet ölümə gətirib çıxaran xəstəliklərin içərisində 8–ci yerdədir. Hər il 3,7 milyon insan Diabet və onun ağırlaşmalarından dünyasını dəyişir.


Şəkərli diabet xəstəliyi qanda şəkərin səviyyəsinin xroniki olaraq yüksək olmasıdır. 4 növü var:Şəkərli diabet tip 1, Şəkərli diabet tip 2, Hestasion( yəni hamilələrin diabeti) və Digər xəstəliklər fonunda əmələ gələn Diabet.
Diabet xəstələrinin 90 %-dən çox hissəsini Şəkərli diabet tip 2 tutur. Bu 400 milyona yaxın pasient deməkdir.


Gəlin araşdıraq.Niyə bu qədər sürətlə artır? İnsanlar bu xəstəliyə tutulmamaq üçün nə edə bilərlər? Hansı əlamətləri var? Hansı insanlar risk qrupundadır? Niyə bu qədər çox ağırlaşmaları var? Diabet xəstələri ağırlaşmaları olmasın deyə nə edə bilərlər?

Niyə bu qədər sürətlə artır?

Bu xəstəlik artmasın deyə hansı tədbirlər görmək olar?--- Şəkərli diabet xəstələrinin 80%- i piylənmə və artıq çəkidən əziyyət çəkən insanlardır.Bu insanlar orqanizmə ehtiyac olduğundan çox qida qəbul edirlər. Bu qidalanma sağlam qidalanma deyil. Əksinə karbohidratlarla zəngin qidalanmadır. Yanaşı olaraq fiziki hərəkətsizlik və oturaq həyat tərzi də önəmli rol oynayır. Bəzi pasientlər nəsil faktorunu da bəhanə gətirirlər. Bəli genetik faktor da rol oynayır. Lakin bu 25% -dir. Deməli ,insanlar sağlam qidalanma , arıqlama və fiziki aktivliyi həyat tərzi etsələr , bu xəstəliyə tutulma riskini azaldarlar.


Hansı əlamətləri var?

İlk olaraq onu qeyd etmək istəyirəm ki, diabet xəstələrinin 50%- heç bir əlamət hiss etməyə bilər.Bu o deməkdir ki, heç bir şikayəti olmayan insan təsadüfi vəya chek-up müyinəsində qanda şəkərin yüksək səviyyəsi ilə rastlaşa bilər. Amma pasient aşağıdakı əlamətlərin bir və ya bir neçəsini hiss edə də bilər.

Daha çox rast gəlinən əlamətləri---poliuruya( çoxlu sidiyə getmə), gecə sidiyinin əmələ gəlməsi, susuzluq,maye qəbulunun artması, ağız quruluğu, iştahın artması fonunda qida qəbulunun artması, halsızlıq, tez yorulma,fiziki iş qabiliyyətinin azalması, çəki dəyişikliyi, yuxudan çətin oyanma, görmədə bulanıqlıq, qaşınma, ayaqlarda “qarışqa gəzməsi” hissi, təkrarlanan göbələk infeksiyaları və s.

Hansı insanlar risk qrupuna girir?

1) 45 yaşdan yuxarı insanlar;
2) Artıq çəki vəya piylənməsi olanlar( BKI>25 kg/m2);
3) Birincili dərəcələi qohumlarda Diabet xəstəsinin olması;
4) Fiziki aktiv olmayan həyat tərzi;
5) 4kg-dan böyük uşaq dünyaya gətirmiş qadınlar;
6) Yumurtalıqları polkistozu sindromu olan qadınlar;
7) Acqarına şəkəri yüksək olan insanlar;
8) Qlukozaya qarşı tolerantlığı pozulmuş insanlar;
9) İnsulinə qarşı rezistentliyi olan insanlar;
10) HbA1c>5,7 olan insanlar;

Niyə bu qədər çox ağırlaşmaları var?-

Şəkərli diabet damarların xəstəliyidir.Belə ki, xroniki hiperqlikemiya fonunda kiçik kapilyarlar zədələnir və mənfəzi tutulur. İlk olaraq sinir və damarları qidalandıran kiçik damarlar-kapilyarlar zədələnir ( siniri və damarı qidalandıran xüsusi damarlar var-vaso nevrosum və vaso vasorum) . Nəticədə zamanla sinir və damarlar qidalanması pozulduğu üçün zədələnir. Bu proses uzun illər gedə bilər və pasient bunu hiss etməyə bilər. İllər sonda biz artıq ağırlaşmaları olan diabet xəstələrini görürük.


Bu zaman əmələ gəlir: neyropatiya ,angiopatiya, infarkt, insult( makroangiopatiya),böyrək çatışmazlığı ( nefropatiya), korluq(retinopatiya) , aşağı ətrafların arterial damarların tutulması(bu zaman ayaqda olan kiçik yara belə amputasiyaya gətirib çıxara bilər).

Diabet xəstələri ağırlaşma olmasın deyə nə edə bilərlər?-

Şəkərli diabet pasientləri müəyyən şərtlərə əməl etsələr, bu ağırlaşmalar ilə qarşılaşma riskini azaltmış olaralar:

1) Qanda şəkərin səviyyəsi normal həddlərdə saxlamaq( HbA1c<7%);

2) Qanda lipid fraksiyalarını normal səviyyədə saxlamaq( LDL<100 mg/dl, HDL>40(kişilərdə), 50(qadınlarda); Trigliseridlər<150 mg/ dl)

3) Arterial təzyiq normal saxlamaq.( 130/80 mmc süt. )
4) Pəhriz saxlamaq və artıq çəkinin vermək.
5) Aktiv hərəkət( həftədə 150 dəq olmaqla vəya günlük 10 000 addım)
6) Siqareti tərgitmək;
7) Şəxsi gigiyena qaydalarına (xüsusilə, ayaq, dırnaq tutulması, dəri , diş) riayət etmək;