Sertifikasiyadan keçməli olan ixtisaslar müəyyənləşdi

  • 2024.08.16 13:55
  • 1726 Baxış
Sertifikasiyadan keçməli olan ixtisaslar  müəyyənləşdi
Bəzi tibb mütəxəssislərinin sertifikasiyadan keçməli olduqları ixtisaslar müəyyən edilib.

Medicina.az xəbər verir ki, bu, səhiyyə naziri Teymur Musayevin müvafiq əmrində əksini tapıb.


Qeyd edilib ki, bəzi tibb mütəxəssislərinin sertifikasiyadan keçməli olduqları ixtisasların müəyyən edilməsi siyahısı aşağıdakı kimidir:

- Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisasdəyişmə ilə bağlı peşə hazırlığı kursu keçənlər şəhadətnamə, yaxud ali və ya ali ixtisas tibb təhsili diplomunda qeyd edilmiş ixtisasa uyğun olaraq sertifikasiyadan keçməlidirlər;
- Əsas (baza ali) tibb təhsilini müalicə işi (tibb), pediatriya ixtisası üzrə bitirmiş və 19.03.2018-ci il tarixinədək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 23.07.2010-cu il tarixli 57 nömrəli əmri ilə təsdiq olunmuş baza ali tibb təhsilinə əsasən tutulmasına icazə verilən vəzifələrin siyahısına uyğun olaraq işə qəbul olunmuş və həmin vəzifədə işləyənlər sertifikasiyadan tutduqları vəzifəyə, yaxud ali və ya ali ixtisas tibb təhsili diplomunda qeyd edilmiş ixtisasa uyğun olaraq sertifikasiyadan keçməlidirlər;
- Əsas (baza ali) tibb təhsilini müalicə işi (tibb) ixtisası üzrə bitirmiş və fasiləsiz olaraq 5 ildən artıq müddətdə işləməyən şəxslər Ə.Əliyev adına Azərbaycan Dövlət HəkimləriTəkmilləşdirmə İnstitutunda müvafiq peşə hazırlığı kursu keçdikdən sonra “Tibb” ixtisası üzrə sertifikasiyadan keçməlidirlər;
- Əsas (baza ali) tibb təhsilini pediatriya ixtisası üzrə bitirmiş və fasiləsiz olaraq 5 ildən artıq müddətdə işləməyən şəxslər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda müvafiq peşə hazırlığı kursu keçdikdən sonra pediatriya (baza) ixtisası üzrə sertifikasiyadan keçməlidirlər;
- Əsas (baza ali) tibb təhsilini stomatologiya ixtisası üzrə bitirmiş, internatura və ya rezidentura təhsili almamış şəxslər sertifikasiyadan stomatologiya (baza) ixtisası üzrə keçməlidirlər;
- “Funksional diaqnostika” ixtisası üzrə internatura hazırlığını kardiologiya şöbəsində funksional diaqnostika kabinetlərində (Elektrokardioqrafiya, Exokardioqrafiya) keçənlər – “Kardiologiya”, şüa diaqnostikası şöbələrində (ultrasəs müayinəsi, rentgen müayinəsi və s.) keçənlər isə “Şüa diaqnostikası” ixtisası üzrə sertifikasiyadan keçməlidirlər;
- Əsas (baza ali) tibb təhsilli təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimlər “Tibb” ixtisası üzrə sertifikasiyadan keçməlidirlər.

İctimai Səhiyyə və İslahatlar Mərkəzinə tapşırılıb ki, Tibb mütəxəssislərinin sertifikasiya imtahanlarına buraxılması yuxarıda təsdiq edilmiş Siyahı nəzərə alınmaqla həyata keçirilsin. Tibb mütəxəssislərinin ( təsdiq edilmiş Siyahıda qeyd olunan şəxslər və bu Əmr qüvvəyə minənədək Səhiyyə Nazirliyi tərəfindən təhsil haqqında diplomda qeyd edilmiş ixtisasdan fərqli ixtisas üzrə sertifikasiya imtahanına buraxılmış şəxslər istisna olmaqla) təhsil haqqında diplomda qeyd edilmiş ixtisasdan fərqli ixtisas üzrə sertifikasiya imtahanına buraxılmasına yol verilməsin. Sertifikasiya imtahanları ilə bağlı həyata keçirilən fəaliyyət və onun nəticələri təhlil edilərək hər rübün sonunda Səhiyyə Nazirliyinə hesabat təqdim edilsin.

Dövlət və qeyri-dövlət tibb müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, tibb və ya əczaçılıq işçilərinin yalnız hədəf auditoriyası kimi ixtisaslarının və (və ya) çalışdıqları vəzifələrin müəyyən edildiyi təkmilləşdirmə kurslarına göndərilməsi təmin edilsin.

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna tapşırılıb:
-Səhiyyə Nazirliyinin müvafiq əmrlərinə əsasən 2009-cu ilin mart ayınadək tibb mütəxəssislərinin ixtisasdəyişmə məqsədilə peşə hazırlığı kurslarından keçməsi barədə məlumatlar “Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestri”nə daxil edilməsi üçün Səhiyyə Nazirliyinə təqdim edilsin;
-Bu Əmrin tələbləri nəzərə alınaraq, tibb mütəxəssislərinin təhsil haqqında diplomda qeyd edilmiş ixtisasdan fərqli ixtisas üzrə təkmilləşdirmə və peşə hazırlığı kursuna qəbul olunmasına yol verilməsin.