Bir-birini sevən cütlüklərdə cinsi münasibətin zəifləməsi düşündüyümüzdən daha çox rast gəlinir. Və bu, mütləq “artıq bir-birimizi sevmirik” demək deyil.
Bəzən emosional yaxınlıq qalır, amma seksual yaxınlıq zəifləyir. Bunun arxasında müxtəlif psixoloji səbəblər ola bilər.
Medicina.az bu vəziyyətin bəzi səbəblərini təqdim edir:
1. Münasibətdə yığılan incikliklər
Gündəlik həyatda həll olunmamış mübahisələr, küskünlüklər, deyilməmiş sözlər və özünü dəyərsiz hiss etmək seksual münasibətə də təsir edir. İnsan gündüz partnyoruna qarşı incikdirsə, axşam bədəninin ona yaxınlaşmaq istəməməsi təəccüblü deyil.
2. Partnyoru artıq yalnız “həyat yoldaşı” kimi görmək
Münasibət illərlə davam etdikcə insanlar bir-birinə çox öyrəşirlər. Birlikdə ev, iş, uşaqlar, maddi problemlər, gündəlik məsuliyyətlər paylaşılır. Amma münasibətin içində sevgili olmaq hissi tədricən arxa plana keçə bilər.
Bir insan partnyorunu çox sevə bilər, amma ona qarşı seksual marağı əvvəlki kimi hiss etməyə bilər.
3. Təhlükəsizlik çox, həyəcan az
Maraqlı paradoksdur: uzun münasibətdə güvən artır, amma yenilik və həyəcan azala bilər. Beynin seksual istək sistemi isə yenilikdən, gözləntidən və müəyyən qədər sirrdən qidalana bilir.
Yəni “çox sevmək” və “çox arzulamaq” həmişə eyni şey deyil.
4. Performans qorxusu
“Görəsən, onu razı sala biləcəyəm?”, “yenə alınmasa necə?”, “mənim bədənimi bəyənəcək?” kimi düşüncələr insanı seksual vəziyyətdən çıxarıb müşahidəçi vəziyyətinə sala bilər.
İnsan artıq həzzi yaşamır, özünü yoxlayır.
5. Bədənlə bağlı komplekslər
Kökəlmək, yaşlanmaq, bədəndə dəyişikliklər, cinsi orqanlarla bağlı narahatlıq və “mən artıq əvvəlki kimi cazibədar deyiləm” düşüncəsi seksual istəyi ciddi şəkildə azalda bilər.
6. Keçmiş münasibətlər və travmatik təcrübələr
Keçmişdə yaşanan xəyanət, alçaldılma, rədd edilmə, zorakılıq və ya seksual travmalar yeni münasibətdə də özünü göstərə bilər. İnsan indiki partnyoruna güvənsə belə, beyin əvvəlki təhlükəni xatırlaya bilər.
7. Stress və emosional tükənmə
Bəzən problem münasibətdə deyil, insanın ümumi həyatındadır. Daimi stress, iş yükü, maddi narahatlıq, yuxusuzluq və emosional yorğunluq seksual istəyin qarşısını ala bilər.
Çünki beyin təhlükə və problemlərlə məşğuldursa, seksual həzz onun üçün prioritet olmur.
8. Bir tərəf yaxınlıq istəyir, digər tərəf isə uzaqlaşır
Cütlüklərdə belə bir dövr yarana bilər: biri seksual yaxınlıq istəyir, digəri imtina edir. İmtina edən tərəf təzyiq hiss edir, daha da uzaqlaşır. Digər tərəf isə daha çox rədd edilmiş hiss edir və daha çox tələb etməyə başlayır.
Beləcə problem seksdən çıxıb münasibətin emosional dinamikasına çevrilir.
Ona görə “Sən məni artıq istəmirsən?” sualından əvvəl daha faydalı sual budur:
“Aramızda seksual yaxınlığı azaldan nə baş verir?”
Çünki səbəbi tapanda seksual münasibəti də yenidən qurmaq çox vaxt mümkündür.
Aygün Musayeva