Sidik analizində sidiyin tərkibində hansı maddələrin çox olması problem olduğunu göstərir? İnsanlar sidik analizinə baxdıqda, heç olmasa norma və norma olmayanları bilməlidir.
“Medicina” xəbər verir ki, bu sözləri uroloq dr. İlkin Göyüşov deyib.
“Sidik analizinin strukturu var. Analiz rəy vərəqində yuxarıdan aşağı gedəndə, ilk sıralarda göstəricilər: sidikdə şəkər, qlükozadır. Sidikdə normada şəkər olmamalıdır.
Amma sidikdə şəkərin çıxmağı bəzən xəstələrin digər xəstəliklərdən adekvat müalicə olmamağındadır.
Digər göstərici: nitrit, keton- bunlar böyrək çatışmamazlığında artır. Onlar da sağlam sidikdə olmamalıdır. Amma əgər cüzi miqdarda sidikdə çıxarsa, panikaya düşmək lazım deyil. Sadəcə 1 həftədən sonra yenidən vermək lazımdır.
Uroloqların diqqət yetirdiyi digər göstərici: leykositlər və eritrositlərdir. Bu daha çox sidik sistemində iltihabdan artır.
Ciddi iltihabi proses olanda, leykositlər cüzi yox, 2-3, hətta 5 dəfə artır. Əgər norma 5-6-ya qədər sayılırsa, analizdə 30-50 çıxması artıq siqnaldır.
Eritrositlər isə qan hüceyrələridir, sidikdə çox az, 1-2 dənə ola bilər.
Dəyişdirilmiş eritrositlər o deməkdir ki, sidikdə qan qalıb. Dəyişdirilməmiş isə sidik dəyməyən qan hüceyrəsidir, bu daha çox aşağı sidik yollarından gələ bilər. Sidik kisəsi, prostat vəzidən qaynaqlanır”.
Aygün Musayeva