Siqaret çəkənlərin sayı azalır, amma... - Alimlər çaş-baş qaldı

  • 2024.07.10 23:11
  • 493 Baxış
Siqaret çəkənlərin sayı azalır, amma... -  Alimlər çaş-baş qaldı
İngiltərədə aparılan yeni bir araşdırma siqaretlə əlaqəli xərçəng diaqnozu qoyulan insanların sayının hər gün 160 nəfər artaraq ən yüksək səviyyəyə çatdığını göstərib.

Medicina.az xəbər verir ki, son 20 ildə siqaret çəkənlərin sayı azalıb. Bununla belə, 2003-cü ildən bəri xərçəngə tutulanların sayı 17 faiz artıb.

London Universitet Kollecindən ağciyər xərçəngi tədqiqatçısı Dr. Rob Hinds hesab edir ki, bu təəccüblü nəticənin bir neçə səbəbi var.

“Bunlardan ən əsası odur ki, hətta iyirmi il əvvəl siqareti tərgidənlərin belə xərçəngə tutulma riski hələ də yüksəkdir. Xərçənglə bağlı bilgimiz indi keçmişə nisbətən daha çoxdur və bu, xərçəngin daha çox növünü siqaretlə əlaqələndirməyə imkan verir. Məsələn, ötən il süd vəzi xərçəngi hallarının bir hissəsinin siqaretdən qaynaqlandığı üzə çıxıb və ilk dəfə statistikaya daxil edilib.

Siqaret çəkənlərin nisbəti 1975-ci ildəki 45 faizdən bu gün 13 faizə düşsə də, Böyük Britaniya əhalisi o vaxtdan bəri 10 milyondan çox artıb. Erkən diaqnoza səbəb olan tibbi nailiyyətlər də yoluxma sayının çox görünməsində rol oynayır”, - deyə o qeyd edib.

Dr. Hinds vurğulayıb ki, ağciyər xərçəngini başladan mutasiya ilə diaqnoz arasındakı gecikmə bəzi hallarda 20 ildən çox ola bilər.


Aysel