Mütəxəssislər, sosial mediada əyləncə olaraq başlayan, lakin çox təhlükəli hala gələn 'boğaz sıxma" oyunu ilə bağlı ailələrə xəbərdarlıq edirlər.
Medicina.az xəbər verir ki, sürətlə yayılan bu oyunda uşaqlar bir-birinin boğazına basaraq huşunu itirmə həddinə çatır.
Bununla bağlı türkiyəli Uşaq Kardiologiyası Mütəxəssisi Prof. Dr. Yılmaz Yozgat və Uşaq Sağlamlığı və Xəstəlikləri Mütəxəssisi Dr. Reyhan Tamer əhəmiyyətli açıqlamalar veriblər.
Prof.Dr.Yılmaz Yozgat deyib:
"Uşaqlar bu çıxış nöqtələrinə basdıqda beyinə qan axını azalır. Bu, təkcə qan axınının azalması ilə məhdudlaşmır. Boyundan çıxan damarların köklərində karotid sinuslar adlanan xüsusi reseptorlar yerləşir.
Bu nahiyələrə basıldıqda ürək yavaşlayır, damarlar genişlənir, qan təzyiqi aşağı düşür. Uşaqlar boyunlarına basdıqda beyinə qan axını azalır və bu reseptorların stimullaşdırılması beyində ağır zədələnmə ehtimalını artırır”.
Mütəxəssis Dr.Yılmaz Yozgat sosial mediada dostlar arasında populyarlıq qazanmağa çalışılan bu oyunların zərər vermək məqsədi daşımasa da ciddi risklər yaratdığını bildirib.
Reyhan Tamer isə əlavə edib:
"Bu cür oyunlar getdikcə reallıq qavrayışının itməsinə gətirib çıxarır və həmyaşıd zorakılığına çevrilə bilir. Uşaqlar bir müddət sonra dostlarına zərər verə biləcəklərini və ya gələcəkdə özlərinə zərər verə biləcəklərini düşünmədən bu davranışları davam etdirirlər. Bu, həm şəxsiyyətlərinə, həm də gələcək həyatlarına mənfi təsir göstərir".
Doktor Tamer bu cür davranışların qarşısının alınmasında ailələrin və məktəblərin böyük rolu olduğunu vurğulayıb.
O, uşaqların təhlükəli sosial media meyllərindən uzaq tutulması lazım olduğunu bildirib. Doktor Tamer uşaqları idman, incəsənət və oyun kimi sağlam fəaliyyətlərə yönəltməyin vacibliyini də bildirib:
“Sevgi dolu bir ailə mühiti, dostlarla oynamaq, akademik müvəffəqiyyət və idmanla dolu bir həyat olduqda, uşaqlar asanlıqla sağlam seçimlər seçə bilərlər”.
Aygün
Medicina.az