Sumqayıtda abortdan ölən gənc qadınla bağlı AÇIQLAMA

  • 2025.12.13 18:07
  • 80 Baxış
Sumqayıtda abortdan ölən gənc qadınla bağlı   AÇIQLAMA


Sumqayıt Tibb Mərkəzi Sumqayıtda abortdan sonra öldüyü iddia edilən qadın barədə açıqlama yayıb.

Medicina.az xəbər verir ki, mərkəzdən dekabrın 12-də saat 14:00 radələrində 1998-ci il təvəllüdlü qadın 1 nömrəli Şəhər Xəstəxanasının Ginekologiya şöbəsinə kəskin ishal, ürəkbulanma və qusma şikayətləri ilə müraciət edildiyi bildirilib.

Qeyd olunub ki, anamnezə əsasən, xəstəyə 8 dekabrda 8–9 həftəlik əkiz hamiləlik səbəbilə tibbi abort tətbiq olunub, prosedur fəsadsız keçib:

"Müşahidə prosesində xəstənin vəziyyətinin sürətlə ağırlaşdığı, tənəffüs çatışmazlığının inkişaf etdiyi və oksigen saturasiyasının azaldığı qeydə alınıb. Bununla əlaqədar dekabrın 12-də saat 19:30 radələrində xəstə intubasiya edilərək Reanimasiya şöbəsinə yerləşdirilib. Aparılan laborator müayinələr, o cümlədən qan qazının analizi nəticəsində kəskin laktik asidoz aşkarlanıb, klinik və laborator göstəricilərə əsasən septik şok diaqnozu təyin olunub".

"Dekabrın 13-də saat 10:30 radələrində xəstənin ümumi vəziyyətində kəskin ağırlaşma qeydə alınıb, saat 10:50 radələrində mövcud klinik protokollara uyğun aparılan intensiv reanimasiya tədbirlərə baxmayaraq, poliorqan çatışmazlığı fonunda bioloji ölüm faktı qeydə alınıb".