TƏBİB tabeliyində hansı mərkəzlər açılıb - Hansı klinikalar təmir olunub?

  • 2023.12.20 14:14
  • 537 Baxış
TƏBİB tabeliyində hansı mərkəzlər açılıb   - Hansı klinikalar təmir olunub?

Son 1 ildə xeyli səhiyyə müəssisəsində yeniliklər olub.


"Medicina" xəbər verir ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov TƏBİB-in fəaliyyətinin 5 illiyinə həsr olunan hesabat konfransında deyib.


"Mayın 24-də Bakı və Sumqayıt şəhərlərində, Abşeron və Xızı rayonlarında yaşayan əhaliyə vərəm əleyhinə göstərilən yardımın yaxşılaşdırılması məqsədilə dərmanlara həssas vərəmli xəstələrə stasionar yardım üçün 200 çarpayı fondu olan Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxananın açılış mərasimi keçirilib:


Kliniki Tibbi Mərkəz də əsaslı təmir olunub, modernləşib. Təcili yardım, Urologiya, Neyrocərrahiyyə, Qastroenterologiya, Torakal cərrahiyyə, Nefrologiya - hemodializ şöbələri fəaliyyətə başlayıb, Endoskopik, artroplastik cərrahiyyənin tətbiqinə başlanılıb. Mayın 20-də TƏBİB-in tabeliyindəki Xətai Tibb Mərkəzinin Ginekologiya və doğum şöbəsinin əsaslı təmirdən sonra açılışı keçirilib.
2023-cü il dekabrın 8-də Sabunçu Tibb Mərkəzində Cərrahi profilli reanimasiya və Əməliyyat bloku əsaslı təmir olunaraq istifadəyə verilib. Dekabrın 18-də Mərkəzi Neftçilər Xəstəxanasının Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinin təmir-bərpa işlərindən sonra açılış tədbiri keçirilib.


Cari ildə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Z.Məmmədov adına xəstəxananın, Abbas Səhhət adına xəstəxananın və Uşaq xəstəxanasının yeni şöbələrinin təmiri və açılışı da baş tutub, müəssisələr yeni cihaz və avadanlıqlarla təchiz olunub.

2023-cü ilin fevralında Lənkəran Rayon Mərkəzi Xəstəxanasının İnvaziv kardiologiya, Ürək-damar cərrahiyyəsi şöbələri və oktyabrında isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının nəzdində Şirvan Ürək Mərkəzi açılıb. Noyabr ayında Quba Rayon Mərkəzi Xəstəxanasının nəzdində zəruri kadr potensialına və infrastruktura malik Regional Travmatoloji Mərkəz yaradılıb”.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, “113” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Avtobazasının fəaliyyəti optimallaşdırılaraq bir mərkəzdə - “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” publik hüquqi şəxsin qismində birləşdirilməsi də mühüm addımlardandır.

Medicina.az