Ağıza maska taxıb, burunu açıq saxlamaq təhlükəlidir - TƏBİB üzvündən XƏBƏRDARLIQ

  • 2020.10.14 14:07
  • 1355 Baxış
Ağıza maska taxıb, burunu açıq saxlamaq təhlükəlidir  - TƏBİB üzvündən XƏBƏRDARLIQ
“Son günlər ərzində bir neçə çətin dönəmdən keçirik. Havaların soyuması ilə əlaqədar insanların sıx toplaşması, ictimai nəqliyyatdan istifadəetmə sıxlığı artıb, digər respirator infeksiyaların baş qaldırdığı bir vaxtdır, həmçinin sentyabrın 15-dən etibarən məktəblər açılıb. Bunlar hamısı özlüyündə koronavirusa yoluxma riskini artıran faktorlardır”.

Bunu APA-ya açıqlamasında TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib. O bildirib ki, əlavə olaraq ölkədə başqa gərgin vəziyyət də yaşanmaqdadır:


“Hazırda insanlar cəbhə bölgəsində baş verən hadisələrlə bağlı xəstəliyi tamamilə unutdular. Yay aylarında qorunma qaydalarına müəyyən qədər riayət edirdilərsə, bu, artıq tamamilə unuduldu. Ötən həftələrdə yoluxma sayının 80-90-lara enməsi də bir tərəfdən insanlara arxayınlıq verdi və xəstəlik sonuncu plana keçdi. İnsanların arxayınlıq hissinə görə maska, qorunma qaydalarına riayət etmək unuduldu, insanlar sıx toplaşmağa başladılar. Bu, rəqəmlərdə özünü göstərməyə başlayıb. Bu başlanğıc artıq bizi narahat edir, çünki bu günün 230-250 sayı 1 həftə, 10 gün sonranın 500-600-ləri deməkdir. Yəni, biz yenidən yüksək rəqəmlər, yaşadığımız gərgin vaxtların bir addımlığındayıq. Təbii ki, bu, həyəcan siqnalı çalmağa bu əsas verir. Çünki koronavirus da bizdən xeyli canlar alıb, xeyli sayda itkilərə səbəb olub. Ölkə olaraq gərgin günlər yaşamışıq. Əminəm ki, heç kim yenidən karantin rejimini, xəstəxanalarda yaşanan o gərgin günləri yaşamaq istəməz. Ona görə bir daha insanlarımızı qorunma qaydalarına riayət etməyə, xəstəliyi unutmamağa, bizə verilən bu şansdan, bugünki günümüzdən dəyərli istifadə etməyə çağırıram”.

N. Mustafayeva qeyd edib ki, qaydalara əməl etməkdə ictimai iaşə, müəssisə rəhbərlərinin böyük rolu var: “Maska taxmadan vətəndaşın ictimai nəqliyyata girişinə icazə verilmir. Həmçinin ictimai iaşə obyektlərinin rəhbərləri də öz müəssisələrində bu qaydanı tətbiq etməlidirlər. Girişdə qızdırmanın ölçülməsi, həm də maska taxılması şərti qoyulmalıdır.

İnsanlar bunu inzibati qayda olaraq deyil, həqiqətən sağlamlığın qorunması üçün tətbiq olunduğunu bilməlidir. Məsələn, maskanı ancaq ağız hissəsinə taxırlar, çənədə saxlayırlar. Belə şəkildə maska taxmaqla taxmamağın heç bir fərqi yoxdur. Bu halda maska qoruyucu deyil. Virus nəfəs yollarından və ağızdan daxil olur. Maska burun hissəni tamamilə qapatmalıdır. Bəzən insanlar qorunma vasitələrinə inzibati qayda olaraq əməl edirlər. Maskanı ya əldə saxlayır, ya hər hansı müəssisəyə daxil olanda qapıdan keçmək məqsədilə taxırlar. İnsanlar bunu inzibati qaydada, hər hansı müəssisəyə daxil olmaq üçün vəsiqə kimi istifadə etməməlidir, mahiyyətini anlayıb istifadə etməlidir”.