Tibb Universitetində millət vəkili ilə görüş

  • 2024.04.05 14:13
  • 390 Baxış
Tibb Universitetində millət vəkili ilə görüş

Millət vəkili Jalə Əhmədova ATU tələbələri ilə görüşüb 05.04.2024 10:21
Azərbaycan Tibb Universitetində (ATU) millət vəkili Jalə Əhmədovanın tələbələrlə görüşü keçirilib.



"Medicina" xəbər verir ki, tədbir Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himnimizin səsləndirilməsi ilə açılıb.



ATU-nun Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev millət vəkili Jalə Əhmədovanı tədbir iştirakçılarına təqdim edərək, qonağın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının, Müstəqil Dövlətlər Birliyinin üzvü olan dövlətlərin Parlamentlərarası Assambleyası Şurasının üzvü və Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olduğunu diqqətə çatdırıb. Onun, həmçinin bir sıra ictimai vəzifələr daşıdığını, bir sıra ictimai təşkilatların üzvü və rəhbəri olduğunu qeyd edib. Prorektor onlardan tibb sahəsi ilə bağlı olanları vurğulayıb və bildirib ki, millət vəkili, eyni zamanda Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin idarə heyətinin fəxri üzvü, Azərbaycan Autizm Assosiasiyasının prezidenti, Türk Dövlətləri Autizm Federasiyasının baş katibidir.

J.Əhmədova çıxışında Azərbaycan gəncliyinin üzərinə düşən məsuliyyət və vəzifələrdən, dövlətimizin gənclərlə bağlı apardığı ardıcıl və məqsədyönlü siyasətdən, onlara yaradılan şəraitdən söhbət açıb.


Millət vəkili bildirib ki, indiki gənclərin böyük əksəriyyətində ideoloji boşluq müşahidə edir: “Müxtəlif görüşlərdə gələcəklərini necə görmələri ilə bağlı verdiyim sualın cavabında gənclərimizin susqunluq nümayiş etdirməsi məni heç də qane etmir. Müasir gənclik çevik olmalı, gələcəyini necə qurmağı aydın şəkildə müəyyənləşdirməli və planlı şəkildə düşünməlidir. Necə ki, cənab prezidentimiz deyir ki, Azərbaycan xalqı özü öz gələcəyini düşünməlidir. Öz gələcəyini necə görürsə, bu istiqamətdə özü hərəkət etməlidir. Baxın, bu məsələdə əsas yük məhz siz gənclərin üzərinə düşür”.



Daha sonra natiq autizm xəstəliyinin cəmiyyətimizdə yaratdığı problemlərdən söhbət açıb. Belə körpələrin dünyaya gətirilməsinin qarşısını almaq məqsədilə gənclərə öz tövsiyələrini də verib: “Təəssüf ki, son dövrlər ailələrimizdə əlilliyi olan körpələrin sayı artır, dünyaya əlil olan övladlarımız daha çox gəlməyə başlayır. Təbii ki, biz bunun səbəbinin nədən qaynaqlandığını analiz etməli və düşünməliyik. Burada subay gənclərimizə bir tövsiyəm var. İlk öncə erkən nikahlardan, qohum evliliklərindən çəkinmək lazımdır. Çünki bu cür fəsadlar ən çox qohum evliliyi zamanı baş verir.


Eləcə də ailə qurmamışdan öncə müayinədən keçin ki, sonradan peşmançılıq yaşamayasınız. Mən vaxtaşırı bu cür gənc ailələrlə görüşürəm. Onların bu həyatda nə qədər nakam qaldıqlarının şahidi oluram. Bir-birinizi nə qədər sevsəniz də, sabah belə övladlar dünyaya gələndə gözlərinizdə o sevgi, coşqu yox olur. Çünki əlilliyi olan övlad dünyaya gətirmək həmin andan həyatını, ömrünü, xoşbəxtliyini ona bağlamaq deməkdir. Çox təəssüf ki, bu cür hallarda 99 faiz xanımlarımız tək qalır, öz ağrı-acılarını təkbaşına çəkməli olurlar. Ona görə də yolunuz düzgün seçin və ağıllı qərarlar verin”.



Görüşün təşəbbüskarı olan Bioloji kimya kafedrasının baş müəllimi Firəngiz Quliyeva isə çıxışında Jalə Əhmədovanın ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətini dəstəkləyən və təbliğatını geniş şəkildə aparan millət vəkillərindən biri olduğunu qeyd edib. Müasir Azərbaycan gənclərinin Vətən sevgisi ilə, vətənpərvərlik ruhunda böyüməsinə toxunan natiq, tələbələrlə təşkil olunan bu görüşün əhəmiyyətini vurğulayıb. F.Quliyeva bu günlərdə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunmaları münasibətilə professor Sabir Əliyevi və millət vəkili Jalə Əhmədovanı təbrik edib.