Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində unikal əməliyyat

  • 2026.06.25 13:16
  • 107 Baxış
Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində    unikal əməliyyat


Zaqafqaziyada ilk: Səhiyyə Nazirliyinin Akademik Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində unikal kraniofasial əməliyyat həyata keçirilib

Medicina.az xəbər verir ki, Akademik Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində Crouzon sindromundan əziyyət çəkən xəstə üzərində yüksək mürəkkəblik dərəcəsinə malik kraniofasial rekonstruktiv əməliyyat uğurla həyata keçirilib.

Əməliyyat Mərkəzin Plastik və Rekonstruktiv Cərrahiyyə şöbəsinin müdiri, tibb elmləri doktoru, plastik cərrah Elçin Məmmədov tərəfindən icra olunub. Cərrahi müdaxilə zamanı trepanasiya mərhələsini neyrocərrah Afər Allahverdiyev həyata keçirib.

Xəstəyə monoblok frontofasial osteotomiya prinsiplərinə uyğun kraniofasial osteotomiya əməliyyatı icra edilərək fronto-orbital kompleks və orta üz nahiyəsi birlikdə önə çəkilib. Əməliyyat çərçivəsində hər iki tərəfə 2 ədəd olmaqla ümumilikdə 4 distraktor yerləşdirilib.

Postoperativ 1 həftədən sonra distraksiya mərhələsinə başlanılıb və orta üz nahiyəsi ümumilikdə 8 mm önə çəkilib.

Crouzon sindromu əsasən FGFR2 gen mutasiyası nəticəsində yaranan, kəllə süturlarının erkən bağlanması ilə xarakterizə olunan anadangəlmə kraniofasial inkişaf pozğunluğudur. Bu patologiya zamanı orta üz hipoplaziyası, ekzoftalm, tənəffüs pozğunluğu, yuxu apnoesi, görmə problemləri və ciddi estetik-funksional deformasiya müşahidə olunur.

İcra edilən əməliyyat plastik və kraniofasial cərrahiyyənin ən mürəkkəb müdaxilələrindən biri hesab edilir və Zaqafqaziya regionunda ilk dəfə uğurla həyata keçirilib.

Mütəxəssislərin sözlərinə görə, bu tip əməliyyatlar yalnız multidissiplinar komanda, yüksək texnoloji imkanlar və xüsusi cərrahi təcrübə tələb edən ixtisaslaşmış mərkəzlərdə uğurla icra oluna bilər.

Aygün Musayeva