Tualetdə telefondan istifadə etməyin - Hemoroid riskini artırır

  • 2025.09.04 21:34
  • 191 Baxış
Tualetdə telefondan istifadə etməyin -  Hemoroid riskini artırır

Tualetdə smartfondan istifadə uzun müddət oturmağa gətirib çıxarır. Bu da hemoroid riskini artırır.

Medicina.az xəbər verir ki, Bostonda yerləşən Beth Israel Deaconess Tibb Mərkəzində araşdırma aparılıb.

Elm adamları 2024-cü il avqustun 1-dən dekabrın 15-dək müntəzəm kolonoskopiya testlərindən keçən 125 böyükdən yaş, cins, bədən kütləsi indeksi, fiziki aktivlik səviyyəsi və qidalanma vərdişləri, həmçinin smartfondan istifadə ilə bağlı sorğu keçirib.

Tədqiqatçılar kolonoskopiya nəticələrini və sorğu cavablarını təhlil edərək, iştirakçıların yüzdə 66-nın tualetdə olarkən smartfonlarından istifadə etdiyini və bu şəxslərin istifadə etməyənlərə nisbətən hemoroid riskinin 46 faiz daha yüksək olduğunu müəyyən ediblər.



Tədqiqatçılar bu müddət ərzində telefonlarda ən çox görülən fəaliyyətlərin "xəbərləri oxumaq və sosial mediaya baxmaq" olduğu qənaətinə gəliblər, eyni zamanda tualetə sərf olunan vaxtın beş dəqiqədən çox olmaması lazım olduğunu vurğulayıblar.

Qeyd ediblər ki, hemoroid ən çox görülən üçüncü mədə-bağırsaq diaqnozudur.

Həmçinin qeyd ediblər ki, qəbizlik, az lifli qidalanma, uzun müddət oturma, piylənmə, oturaq həyat tərzi, hamiləlik də hemoroid riskini artıran amillərdir.

Araşdırmadan sonra alimlər belə qənaətə gəliblər ki, tualetdə smartfondan uzun müddət istifadə hemoroid riskini artırır.

Aygün
Medicina.az