Tural Abbaslının testi ilə bağlı TƏBİB-dən açıqlama: "Burada qeyri-adi heç nə yoxdur"

  • 2021.04.19 11:34
  • 1534 Baxış
Tural Abbaslının testi ilə bağlı TƏBİB-dən açıqlama:  "Burada qeyri-adi heç nə yoxdur"
Ağ Partiyasının rəhbəri Tural Abbaslının koronavirus testinin nəticəsi pozitiv çıxıb. T. Abbaslı testin nəticəsindən narazı olduğunu bildirib.

Medicina.az xəbər verir ki, məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Elnarə Baxış bildirib ki, T.Abbaslı 14 gün ərzində yaşayış yerini tərk edə bilməz:

"Mən məsələni Tural Abbaslının özünə də izah elədim. O, hər iki testi özəl klinikada verib. Çox güman ki, analiz verəndə virus onun yuxarı tənəffüs yollarında olub. İkinci dəfə də analizi neqativ ola bilər. Bu hal tək bizim ölkədə baş vermir. Digər ölkələrdə də belə hallara rast gəlinir. Burada qeyri-adi heç nə yoxdur. Dəfələrlə demişik ki, belə hal baş verə bilər. Ona görə də biz özümüzü təcrid etməliyik. Tural Abbaslı deyə bilməz ki, onda virus yoxdur. İlk dəfə test verib, sonra gedib burnunu yuyub test verərsə, onun nəticəsi neqativ çıxa bilər. Artıq o sistemə düşdüyü üçün 14 gün evdə gözləməlidir. Tural deyə bilər ki, mənim ikinci testim neqativdir. Bu ona əsas vermir ki, o çıxıb bayırda gəzə bilər".

***

Ağ Partiyasının rəhbəri Tural Abbaslının koronavirus testinin nəticəsi pozitiv çıxıb.

Medicina.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya danışan T. Abbaslı testin nəticəsindən narazı olduğunu bildirib.

O qeyd edib ki, aprelin 15-də müayinə üçün özəl xəstəxanaların birinə müraciət edib: “Bu zaman əlavə olaraq COVİD-19 testi də verməli oldum. Həmin gün axşam mesaj gəldi ki, testin nəticəsi pozitivdir. Yaşadığınız ərazini tərk etməyin. Məndə isə virusun heç bir əlaməti yox idi.

Aprelin 16-da başqa özəl xəstəxanada yenidən yaxma testi verdim. Nəticə neqativ çıxdı. Bir gün sonra qan testi verdim. Bu zaman da nəticə neqativ çıxdı.

Hazırda ilk analizin cavabları portala işləndiyindən mən evdən çıxa bilmirəm. Ola bilsin ki, xəstəliyi asimptomatik keçirirəm. Ancaq bütün hallarda bir neçə gün dalbadal verilən analizlərin cavabları bir-biriylə uzlaşmır. Ona görə də bir az evdə qalıb yenidən test üçün müraciət edəcəyəm”.