Ürək xəstəliyi riskinizi öyrənin! - Baş barmaq testi

  • 2024.04.29 13:00
  • 632 Baxış
Ürək xəstəliyi riskinizi öyrənin! -  Baş barmaq testi
Təcili yardım həkimi Dr. Co Uvittinqton sosial şəbəkədə paylaşdığı sadə bir testlə gündəmə gəlib. O, bu testin təhlükəli ürək xəstəliklərindən birinin əlamətini üzə çıxardığını bildirib.

Medicina.az xəbər verir ki, Yale kardioloqları tərəfindən icad edilən "baş barmaq-ovuc testi"nin aorta problemləri barədə bir çox məlumat əldə etməyə imkan verdiyi iddia olunur.

Testin kollagen çatışmazlığını göstərdiyini ifadə edən Dr. Co Uvittinqton bu vəziyyətin damarları təhlükəli anevrizmalara itələyə biləcəyini bildirib.

"Tədqiqatlar göstərdi ki, aorta anevrizması olan hər kəsin testi müsbət nəticə verməsə də, testi müsbət çıxanların anevrizma riski 98 faizdir", - kaliforniyalı həkim deyib.

Testi etmək üçün əvvəlcə əlinizi açın, ovucunuz üzünüzə tərəf olsun, sonra baş barmağınızı çeçələ barmağınıza doğru uzadın. Baş barmağınız ovucun ortasına çatırsa, bu, yaxşı xəbərdir. Əgər baş barmaq əlinizin kənarına kimi gedib çıxırsa, deməli, kollagen pozğunluğunuz var.

“Sanford Health”də kardioloq işləyən Dr. Məhəmməd Siyad Panvarın sözlərinə görə, testin nəticəsi kollagen çatışmazlığının əlaməti olsa da, bu, mütləq anevrizma olduğunu göstərmir.

“Kollagen çatışmazlığı daha zəif qan damarları deməkdir. Bu, damarların zamanla şişməsinə və yırtılmasına səbəb ola bilər. Bu şərtlər aortanıza təsir göstərə bilər, lakin oynaqlarınız kimi bədənin müxtəlif hissələrində də öz təsirini göstərəcək. Kollagen pozğunluğu olan insanlarda hipermobillik sindromu adlanan vəziyyət müşahidə olunur, onlar daha elastik oynaqlara malikdirlər”, - o qeyd edib.

Yale New Haven Xəstəxanasının Anevrizma Mərkəzinin müdiri Dr. Con Elefteriades isə bunları söyləyib:

"Bu o deməkdir ki, həkimlə görüşməlisiniz, çünki risk var. Lakin bu, anevrizmanın tam diaqnozu deyil".

NHS-ə (Britaniyanın Milli Səhiyyə Xidməti) görə, aortası yırtılan hər 10 nəfərdən 8-i xəstəxanaya çatmazdan əvvəl ölür.

CDC-nin (ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri) son məlumatlarına görə isə aorta anevrizması 2019-cu ildə təxminən 9 904 ölümə səbəb olub.


Aysel