Uşağı hələ də danışmayanlar... Apraksiya nədir?

  • 2018.01.13 12:39
  • 35744 Baxış
Uşağı hələ də danışmayanlar...  Apraksiya nədir?
Apraksiya uşağın danışmasını çətinləşdirən, nitqin motor (hərəkət) pozğunluğudur. Rusiyada bu motor alaliya nitq problemi ilə eyniyyət təşkil edir. Nitq əzələlərinin zəifliyi yoxdur, sadəcə, səsləri demək üçün nitq aparatını, yəni ağızı necə hərəkət etdirəcəklərini bilmirlər. Çünki beyin danışma üçün lazım olan hərəkətləri, planlaşdırmağı və ya koordinasiyanı çətinləşdirir.

 

Medicina.az ailem.az-a istinadən xəbər verir ki, bu halda loqoped olaraq uşağa səsləri və sözləri deməsi üçün fiziki dəstək göstəririk. Çünki apraksiyalı uşaqlar hansı səsi necə deyəcəklərini bilmirlər. Biz uşağa hansı səsin ağızdan necə çıxdığını fiziki olaraq həm öz, həm də onun üzərində göstərərək öyrədirik. Fiziki köməklə ağız artikulyasiya əzələlərinin işləkliyini artırmağa çalışır, bu yolla uşağın səs və sözləri demə şansı yüksəlir. Lakin bu korreksion mərhələnin müddəti uşağa, onun qavramasına görə dəyişir. Çünki bütün statistika göstəricilərində apraksiya anlayışı autizm anlayışı ilə birlikdə səslənir. Yəni autizmli uşaqlarda daha çox apraksiya müşahidə olunur.


Apraksiya zəif başa düşülən, nevroloji vəziyyətdir. Bəzən bəzi motor hərəkətləri etmək mümkün olmur, hətta əzələlər normal olsa belə...


Apraksiyanın kiçik formaları aispraksiya adlanır.


Apraksiya bir sıra müxtəlif formalarda baş verə bilər. Bir forma orofacial apraksiyadır. Belə insanlar ixtiyari olaraq üz əzələlərini əhatə edən müəyyən hərəkətləri yerinə yetirə bilmirlər. Məsələn, dodaqları yalamaq, göz vurmaq və s.


Nitqin apraksiyasının iki növü var; əldə edilmiş apraksiya və inkişaf apraksiyası.


Əldə edilmiş apraksiya, əsasən, böyüklərdə rast gəlinir. Bu vəziyyət bir zamanlar insanların malik olduğu danışma qabiliyyətlərini itirməsinə səbəb olur.


Uşaqlıq apraksiyanın əlamətləri


Bütün əlamətlər hər uşaqda mövcud deyil.


3 yaşa qədər


1. Bəzi körpələrin hecalamağı olmur


2. İlk sözlərini çox gec deyə bilərlər (və ya siz hər hansı sözü təkrar etməsini istəyirsiniz, amma siz istədiyiniz anda yox, başqa vaxt həmin sözü deyə bilərlər)


3. Yalnız müxtəlif səslər çıxarırlar


4. Səsləri deyərkən fasilə verirlər


5. Hər zaman eyni yolla sözləri demirlər (Məsələn, su istədiyini bir dəfə deyə bilər, sonra  nə qədər istəsəniz də deməz)


6. Bəzi yemə problemləri olur


3 yaşdan sonra (bu problemlər 3 yaşdan əvvəl də olur və sonra davam edirsə, valideynlər bu halda gözləməməli)


1. Sözü hər dəfə eyni şəkildə deməyə bilirlər


2. İmitasiya problemləri olur. Başqalarının dediklərini təkrar etmə problemləri olur. Əgər onların başqalarının dediklərini təkrar etmə, imitasiya qabiliyyətləri olsaydı, nitqləri daha yaxşı olar və sözləri fərqli deyil, daha yaxşı deyə bilərlər.


3. Belə insanlarla işləyən mütəxəssislər apraksiyalı şəxsləri daha yaxşı başa düşürlər. (Belə ki, bu uşaqlarda nitq bərpa olunduqdan sonra hər kəsin gözləntisi yüksəlir. Valideynlər və ya digər şəxslər uşağa sual verirlər, tez cavab verməsini gözləyirlər. Amma sual verdikdə gözləmək lazımdır. Belə uşaqlarda nitqin rəvanlığının, səlistliyinin bərpası üçün zaman lazımdır. Yəni belə uşaqlarla işləyirik, hər şeyi öyrədirik, amma rəvanlığı, səlistliyi uşaq zamanla qazana bilir. Bunu uşağın zamanla alacağı təlim və getdikcə quracağı sosial həyatı, bağça və ya məktəbi sayəsində qazana bilir)


Belə uşaqlarla təlim həftədə ən az 3 və ya 5 dəfə lazımdır. Təlimlə yaxşılaşacaq və nitq bacarıqlarını qazandıra biləcəyik. Yaxşılaşdıqca təlim günləri azaldılacaq. Loqopedlə çalışdığınız zaman onun etdiklərini siz də evdə təkrarlayın, çünki evdə də doğru təlim rejimiylə işləmək lazımdır. Belə uşaqların nitqinin korreksiyasında işarət dili də mühüm rol oynayır. Bəzən işarət diliylə uşaqların nitqləri açılır. Məhz bu səbəbdən də fiziki dəstək, jestika önəmlidir.


Nələr apraksiyaya yol aça bilər?


- Nitqdə gecikmə və ləngimələrin olması (ləngimə hiss etdiyinizdə öncə səhiyyə mütəxəssisinizə yaxınlaşın)


- Yazılmış, çəkilmiş kiçik şəkilləri, kartları toplamaq


- İstini, soyuğu hiss etməmək


- Yeməklərdə seçim etmək, hər şeyi yeməmək və ya imtina etmək


- Diş fırçalamaqdan imtina etməsi və s.


Səbəbləri

 

Uşaqlıq apraksiyası motor danışma pozğunluğudur. Uşağınızın beynindəki bir şey səslərin, sözlərin ağıza gəlməsinə icazə vermir. Çox vaxt səbəb bilinmir. Bəzən səhiyyə mütəxəssisi tərəfindən MRT edilir. EEQ yoxlanışı olur. Amma bir şey çıxmır. Apraksiyaya səbəb genetik bir xəstəlik və ya uşağın yaşadığı sindrom ola bilər. Əgər uşağınızın nitqiylə bağlı narahatlığınız varsa, həkimə müraciət etməlisiniz. Öncə eşitmə testindən keçməniz mütləqdir. Həmçinin loqoped yoxlanışından da keçməyiniz vacibdir. Çünki aizartriya adlandırdığımız dil, dodaqlarda əzələ zəifliyi varmı ona baxılmalıdır. Lakin apraksiyalı uşaqların əksəriyyətində əzələ zəifliyi olmur. Sadəcə, hərəkəti idarəetmədə çətinlik olur.