Günvurma isti havalarda, xüsusən də yay aylarında ümumi sağlamlıq problemidir. Bütün yaş qruplarında baş verə bilən bu vəziyyət xüsusilə körpələrdə və uşaqlarda ciddi nəticələrə səbəb ola bilər. Erkən diaqnoz və müalicə çox vacibdir.
Medicina.az xəbər verir ki, pediatr Vaqif Qarayev uşaqlarda günvurma ilə bağlı valideynlərə vacib xəbərdarlıqlar edib.
Həkim günvurmanın əlamətlərini açıqlayıb:
- Hərarətin yüksəlməsi
- Baş ağrıları
- Başgicəllənmə
- Halsızlıq
- Ürəkbulanma
- Qusma
- Ağır hallarda huşun itməsi, qıcolmalar
Bəs nə etmək lazımdır?
- Uşaq dərhal kölgəyə və yaxud sərin otağa yerləşdirilməlidir. Əgər evdə kondisioneri 18-20 dərəcəyə qoymusunuzsa, uşağı ora yerləşdirməzdən əvvəl dərəcəni 24-25-ə çatdırın ki, kəskin temperatur fərqi yaşanmasın.
- Uşağın boynunu, sinəsini dar geyimdən azad edin ki, rahat nəfəs ala bilsin.
- Alnına, boynuna soyuq kompreslər qoyun.
- Daim sərin su verin. Qazlı, rəngli içkilər verməyin.
- Həkim gələnə qədər dərmanlardan istifadə etməyin.
- Uşaqda qıcolmalar və huşun itməsi varsa, dərhal həkimə çatdırılmalıdır.
Ən yaxşısı bu anomal istilərdə uşaqlar günəşin altında olmasın. Çimərlik günəş şüalarından qorumur! Özünüzü aldatmayın!.
Aygün
Medicina.az