Uşaqları qorxulu internet oyunlarından necə qoruyaq?

  • 2017.12.04 16:27
  • 28806 Baxış
Uşaqları qorxulu internet oyunlarından necə qoruyaq?
İnternet üzərindən yayılan və yeniyetmələri öz təsiri altına alan oyunlarla bağlı problem kifayət qədər ciddidir və bu, təkcə "Mavi balina” ilə yekunlaşmır.

 

Medicina.az xəbər verir ki, bunu trend-ə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.


O.Gündüz bildirib ki, son dövrlərdə uşaq və yeniyetmələrə psixoloji cəhətdən mənsi təsir edən belə oyunlar yayılıb: "Problem isə ondadır ki, bu oyunların bəlli bir mərkəzi yoxdur. Bu oyunlar adətən sosial şəbəkələr, müxtəlif qruplar, heşteqlər, "link”lər vasitəsilə yayılır. Yəni əvvəlki klassik oyunların bəlli bir mənbəyi olurdu, o mənbəni bağlayırdın və problem həll olunurdu. Amma indiki halda bu oyunların bəlli bir mənbəyi olmadığına görə onların qarşısını almaq o qədər də asan deyil”.


O vurğulayıb ki, əsas problemlər son nöqtədə cərəyan edir: "Son nöqtə də evlər, məktəblər, internet klublardır, yəni son istifadəçidir. Düşünürəm ki, burada problem əsasən uşaqlarla və valideynlərlə bağlıdır. İndiki zamanda təbii ki, hər evdə kompüter var, internet var, sosial şəbəkələrdən istifadə edilir. Belə olan halda əgər uşağa valideyn nəzarəti yoxdursa, uşaq tora düşə bilər. Ona görə də burada valideyn nəzarəti olmalıdır, uşağın nə işlə məşğul olduğunu diqqətdə saxlamalıdır və s. Eyni zamanda, müvafiq dövlət qurumları var və onlar maarifçilik işi aparmalı, həyəcan siqnalı çalmalıdır. Bu istiqamətdə hüquq-mühafizə orqanları da digər qurumlarla əməkdaşlıq etməlidir”.


Qeyd edək ki, son zamanlar internetdə "Mavi balina” adlanan daha bir təhlükəli oyun yayılıb. Bu oyunun şərtlərinə əsasən, iştirakçılar qollarını kəsib şəklini yükləməli, qorxulu videolara baxmalı, hündür yerdə fotosunu çəkib göndərməli və s. qorxunc və təhlükəli tapşırıqlar yerinə yetirməlidir. Türkiyə, Rusiya və digər ölkələrdə bu oyunun təsiri altına düşən xeyli sayda yeniyetmə intihar edib. Bu oyun artıq Azərbaycanda da yayılmağa başlayıb.