ÜST-dən quş qripi ilə bağlı ÇAĞIRIŞ: “Ayıq-sayıq olun!”

  • 2024.04.19 23:00
  • 976 Baxış
ÜST-dən quş qripi ilə bağlı ÇAĞIRIŞ:  “Ayıq-sayıq olun!”
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) quş qripi ilə bağlı ölkələrə xəbərdarlıq edib.

Medicina.az xəbər verir ki, Cenevrədə keçirilən brifinqdə ÜST-nin Qriplə Mübarizə üzrə Qlobal Proqramının rəhbəri Ventsin Çjan ölkələrə çağırış edib.

O, ABŞ-də qeydə alınmış insanın inəkdən quş qripi A(H5N1) virusuna ilk yoluxma halı ilə əlaqədar olaraq ölkələrə ayıq-sayıq olmağı tövsiyə edib.

ÜST rəsmisi mart ayından etibarən ABŞ-nin 8 ştatında A(H5N1) 29 heyvan təsərrüfatında virusa yoluxma halının qeydə alındığını diqqətə çatdırıb. O, ABŞ hökumətinin aprelin 1-də Texasda insanın A(H5N1) virusuna yoluxması faktı ilə bağlı ÜST-yə məlumat verdiyini də qeyd edib.

Ventsin Çjanın sözlərinə görə, hazırkı yoluxma epidemiyalarında virusun quşdan inəyə, inəkdən inəyə və inəkdən quşa ötürülməsi də qeydə alınıb.

“Virusun əvvəllər düşündüyümüzdən fərqli ötürülmə yolları tapdığını düşünməliyik. Ölkələri sayıq olmağa, insanların yoluxması halları baş verən zaman bu barədə dərhal məlumat verməyə, virus genomu ardıcıllığını və digər məlumatları paylaşmağa və heyvandarlıq təsərrüfatlarında biotəhlükəsizlik tədbirlərini gücləndirməyə çağırırıq”, - deyə o vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl BMT-nin səhiyyə agentliyinin alimi Keremi Farrar da hazırkı quş qripinin çox böyük narahatlıq doğurduğunu bildirib. O, virusun hazırda təkamül etdiyini və insanlara yoluxma, daha sonra insandan-insana keçmə qabiliyyətinin formalaşdığını bildirib.


Aysel