Uzunmüddətli subaylığın və tək qalmağın təhlükələri müəyyən edilib.
Medicina.az xəbər verir ki, son illərdə media subaylığı şüurlu bir həyat seçimi və özünüdərk forması kimi təqdim edir. Lakin, yeni bir böyük tədqiqat gənc yetkinlik dövründə romantik münasibətlərdən uzun müddət uzaq qalmağın psixoloji rifaha mənfi təsir göstərdiyini sübut edib.
Sürix Universitetinin alimləri Almaniya və Böyük Britaniyada 17.000-dən çox gəncin məlumatlarını təhlil edib. Tədqiqatın əvvəlində (16 yaşında) bütün iştirakçıların romantik münasibətlərlə bağlı heç bir təcrübəsi yox idi və daha sonra 29 yaşına qədər hər il sorğu edildi.
Təhlil göstərdi ki, uzunmüddətli tənhalıq orta hesabla kişilərə, daha yüksək təhsil səviyyəsinə malik insanlara və maddi həyat səviyyəsi aşağı olan gənclərə xasdır.
Psixologiya şöbəsinin baş tədqiqatçısı Maykl Kramerin sözlərinə görə, nəticələr həm sosiodemoqrafik amillərin (məsələn, təhsil), həm də psixoloji xüsusiyyətlərin (rifah və həyat məmnuniyyəti) ilk münasibətə girmə ehtimalına təsir etdiyini təsdiqləyir.
Əvvəlki sosioloji tədqiqatlarda olduğu kimi, təhsilə və karyeraya daha çox diqqət yetirmək münasibətlərin gecikməsi ilə əlaqələndirilir.
Tədqiqatçılar həmçinin uzun müddət subay qalanların rifahını daha sonra münasibətlərə başlayanlarla müqayisə etdilər. Məlum oldu ki, uzun müddətli subaylıq həyat məmnuniyyətinin azalması, tənhalığın artması və depressiv simptomların artması ilə əlaqələndirilir.
Bu tendensiyalar həm kişilər, həm də qadınlar üçün oxşar idi. Yeniyetməlik dövründə qruplar arasındakı fərqlər minimal idi, lakin zamanla getdikcə daha çox nəzərə çarpırdı.
Gənclər romantik münasibətlərə girəndə onların rifahı, psixoloji durumu xeyli yaxşılaşdı: həyatdan məmnunluq artdı, tənhalıq azaldı - həm qısa, həm də uzunmüddətli perspektivdə.
"Nəticələrimiz göstərir ki, uzunmüddətli tənhalıq rifah üçün orta risklərlə əlaqələndirilir”.
Onun sözlərinə görə, insan nə qədər uzun müddət subay qalsa, rifahda fərqlər bir o qədər çox toplanır və rifahın azalması öz növbəsində subay qalma ehtimalını artırır. Bu, münasibət qurmağı xüsusilə çətinləşdirə bilər.
Aygün Musayeva