Valideynlərin imtina etdiyi peyvənd AKDS - Uşaqları iflic edə bilər?

  • 2017.10.17 12:29
  • 208275 Baxış
Valideynlərin imtina etdiyi peyvənd AKDS -  Uşaqları iflic edə bilər?
Uşaq infeksion xəstəliklərinin profilaktikasında ən önəmli yeri peyvəndlərin vaxtında və düzgün aparılması tutur. Valideynləri daim narahat edən mövzulardan biri peyvəndlərin vurulması və sonradan fəsadlarının olub-olmamasıdır. Bəzi valideynlər uşaqda yarananan müəyyən narahatlıqları, xəstəlikləri iynədən sonrakı fəsad kimi qəbul edirlər. 


Medicina.az-a açıqlama verən pediatr Leyla Baxışova bunun düzgün fikir olmadığını bildirib: 


"Əgər uşaqda hər hansısa xəstəlik varsa, peyvəd sadəcə olaraq həmin prosesi provakasiya edir. Yəni xəstəliyin birbaşa peyvəndlə heç bir əlaqəsi yoxdur. Həkim müayinəsindən sonra tam sağlam uşağa peyvənd cədvələ uyğun olunarsa heç bir əlavə təsir törətməz. Xüsusilə valideynləri narahat edən göyöskürək, difteriya, tetanus (AkDS) peyvəndidir. GDT peyvəndi 2,4,6 ayında vurulur və 18ayında revaksinasiya olunur”. 


Həkimin sözlərinə görə, peyvənddən sonra baş verən qızdırma təbii haldır:


"Peyvənd vurulduqdan sonra normal olaraq ilk 1-2 gün uşaqda temperatur yüksəlməsi, halsızlıq, narahatlıq ola bilər. Bu, orqanizmin peyvəndə qarşı normal reaksiyasıdır. Bəzi valideynlər körpələrinə profilaktik peyvəndlərin aparılmasından könüllü olaraq imtina edirlər. Lakin peyvənddən imtina uşaqların bir sıra infeksion xəsrəliklərə yoluxma ehtimalını yüksəldir”.


Valideynlərin çəkindiyi və bəzən imtina etdiyi peyvəndlərdən biri AKDS-dir. DTP (AKDS) absorbsiya olunmuş peyvənd ölmüş göyöskürek mikroblarından və difteriya ,tetanus anatoksinindən ibarətdir.


Pediatr Baxışova, kombinə olunmuş bu peyvəndin orqanizmə yeridildiyi zaman körpənin eyni anda üç infeksiyaya qarşı peyvənd almış olduğunu bildirib:


"Bunların arasında ən aqressivi göy öskürəkdir. Buna görə də DTP peyvəndindən sonra uşaqlarda postvaksinal reaksiya müşahidə olunur. Kombinə olunmuş peyvəndlər orqanizm üçün stress deyil. Vücud çox rahat şəkildə bir neçə infeksiyaya qarşı peyvəndi qəbul edə bilir.


Hazırda Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi daha müasir asellule formada kombinə olunmuş DTP peyvəndləri istifadə olunur. Bunlara pentaxim, hexasimi misal göstərmek olar. Onların tərkibinə həmçinin hemafilus influensa, İPV və hepatit B peyvəndi də daxildir. Bu peyvəndlər zamanı postvaksinal reaksiyalar çox az və yüngül formada təsadüf edilir”.


Pediatr bu növ peyvəndin fəsadlarından da danışıb:


"Bu vaksin sağlam uşağa vurulduğunda heç bir əks göstərişi olmaz. Ancaq peyvənd düzgün vurulmazsa və ya uşaq sağlam deyilsə, o zaman bəzi problemlər yarana bilər. Valideynlər həkimdən peyvəndin saxlanma şəraiti ilə maraqlanmalıdırlar. Əgər saxlanma şəraiti tələblərə uyğundursa hansısa fəsadın yaranma ehtimalı çox aşağıdır”.


Qeyd edək ki, hazırda peyvəndlərin asellular formaları istehsal olunur və bu səbəbdən orqanizm tərəfindən daha az reaksiyaya səbəb olur.

 

Şəhanə Quliyeva