Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Həm dişlərini itirdi, həm də 8700 manatını – Stomatoloq pasiyenti fəlakətə sürüklədi

  • 2025.05.03 12:45
  • 631 Baxış
 Həm dişlərini itirdi, həm də 8700 manatını  – Stomatoloq pasiyenti fəlakətə sürüklədi



Azərbaycanda estetik prosedurlar və diş müalicələri ilə bağlı pasiyent narazılıqları artır. Estetik cərrahiyyədən sonra ən çox şikayət olunan sahə isə stomatologiyadır. Səbəb – diplomu və təcrübəsi olmayan şəxslərin bu sahədə fəaliyyət göstərməsidir.

Medicina.az saytına müraciət edən Azər Qurbanov stomatoloq Elçin Tağıyevin yararsız müdaxiləsi nəticəsində dişlərini itirdiyini və depressiyaya düşdüyünü bildirib.

“Mənə vaxtı keçmiş implant qoydu”

Azər Qurbanovun sözlərinə görə, 2022-ci ilin aprel ayında sosial şəbəkələrdən tanıdığı Elçin Tağıyevin qəbuluna gedib:


“Dedi ki, implant lazımdır, sağlam dişlərimi yondu. Ümumilikdə 8700 manat pul verdim. İmplantların üstündəki tarix keçmişdi, irad bildirəndə isə məni günahlandırdı. 3 implant qoyulmalı idi, ikisi qoyuldu, biri isə ümumiyyətlə yoxdur. Qoyulanlar da damaqda laxlayır.”

O bildirir ki, 6 aya qapaq qoyulmalı olduğu halda, həkim işi müxtəlif bəhanələrlə 3 ildir uzadır.

“Pulumu da, dişlərimi də itirdim”

Pasiyent bildirir ki, həkim əvvəlcə pulu qaytaracağını desə də, sonradan “pulunu unut” mesajı yazaraq məsuliyyətdən yayınıb:

“Zənglərimə cavab vermirdi. Ayrı nömrədən zəng vuranda şoka düşdü. Bu səbəbdən işimdən oldum, həm maddi, həm də psixoloji zərər gördüm. Belə dişsiz yaşamaq məni depressiyaya salıb.”

Azər Qurbanov bildirib ki, bu stomatoloqdan zərər görən daha iki pasiyentlə birlikdə Baş Prokurorluğa və polisə şikayət ediblər.

Klinika: “Artıq bizdə çalışmır”

Məlum olub ki, şikayət olunan Elçin Tağıyev bir müddət “Ömür”də fəaliyyət göstərib. Hazırda isə klinika onun orada çalışmadığını, səhhətinə görə işə çıxmadığını və pasiyentlərini digər həkimlərin qəbul etdiyini bildirib.

Aygün Musayeva