Vüqar Qurbanov tibb işçiləri ilə görüşlər keçirir

  • 2023.09.02 11:00
  • 1758 Baxış
Vüqar Qurbanov  tibb işçiləri ilə görüşlər keçirir

Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov tabeli tibb müəssisələrində çalışan tibb və qeyri-tibb işçilərinin qəbullarını həyata keçirir.

Medicina.az xəbər verir ki, qəbulların məqsədi xəstəxana idarəçiliyinin və kadr potensialının yaxşılaşdırılması, eləcə də personalın rastlaşdığı problemlər, çatışmazlıqlarla yerində tanışlıq və həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, tibbi xidmətin keyfiyyətinin yüksəldilməsidir.

01.09.2023-cü il tarixində ilk belə görüş M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzində baş tutub. Görüşdə İcraçı direktorun müavinləri, aidiyyəti departamentlərin rəhbərləri, tibb müəssisəsinin direktoru və rəhbər şəxsləri iştirak edib. 10-dan çox tibb personalı ilə təkbətək görüş keçirilib.

Sığortanın təşkili, nevroloji, anestezioloji, reanimasiya və intensiv terapiya, təcili və təxirəsalınmaz tibbi yardım, otorinolarinqoloji, ginekoloji xidmətlərin yaxşılaşdırılması, bu sahədə kadr potensialının gücləndirilməsi, avadanlıq, cihaz, dərman, tibbi sərfiyyat üzrə təchizat və təminat, xidmət əlçatanlığının təmin edilməsi, kadr çatışmazlığı, tibbi heyətin stimullaşdırılması və s. kimi məsələlərlə bağlı müraciətlər dinlənilib.

Qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti struktur bölmələrinə zəruri tapşırıqlar verilib.

Xidmət əlçatanlığının, keyfiyyətinin və pasiyent məmnunluğunun artırılması istiqamətində göstərdikləri səylərə görə təşəkkürünü bildirən Vüqar Qurbanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğıya, müəyyən etdiyi strateji xəttə uyğun olaraq bütün tibb müəssisələrində çalışan personalın əhalinin sağlamlığı istiqamətində TƏBİB tərəfindən müəyyən olunan hədəflərə nail olmaq üçün bundan sonra da əzmlə çalışmaqlarının vacibliyini vurğulayıb. O, qarşıdakı müddətdə mövcud çatışmazlıqların ətraflı təhlil olunaraq həlli istiqamətində intensiv və davamlı addımların atılacağını qeyd edib.

Tibb personalının bundan sonra da məsuliyyətlə, vicdanla xidmət göstərməsi üçün tapşırıq və tövsiyələrini verib.

Daha sonra Xətai Tibb Mərkəzində çalışan şəhid ailəsi, qazi və müharibə iştirakçılarının ailə üzvləri ilə görüş keçirilib. Vüqar Qurbanov onlara yaradılan imkanlar, iş şəraitləri, üzləşdiyi çatışmazlıqlarla maraqlanıb.

Tibb mərkəzində çalışan və sözügedən həssas kateqoriyaya daxil olan 5 nəfər hər hansı problemlə üzləşmədiklərini ifadə edib, səmimi qəbula görə təşəkkür ediblər.

Qeyd edək ki, Xətai Tibb Mərkəzinin Dəstək xidmətləri şöbəsində çalışan II Qarabağ müharibəsinin qazisi Əliyev Kənan Kamran oğlu ölkə başçısının müvafiq sərəncamları ilə Füzulinin, Cəbrayılın azad olunmasına görə, eləcə də Vətən Müharibəsi iştirakçısı medalları ilə təltif edilib.

Məlumat üçün bildirək ki, qəbulların TƏBİB-in tabeliyində fəaliyyət göstərən bütün tibb müəssisələrində keçirilməsi nəzərdə tutulub.