Böyrək xəstəliklərinin aşkar edilməsi üçün mobil əlavə yaradılıb

  • 03 Avqust, 2019
  • 12962 Baxış
 Böyrək xəstəliklərinin aşkar edilməsi üçün mobil əlavə yaradılıb
 
 Böyrəklərin təhlükəli xəstəliklərini aşkar etməyə imkan verən mobil əlavə yaradılıb. Bu ixtrira London Kral Hospitalının həkimləri tərəfindən edilib.sözgedən pasedur üçün cəmi orta hesabla 14 dəqiqə lazımdır. Medicina.az TASS agentliyinə istinadla xəbər verir ki, "DeepMind” şirkəti ilə birlikdə yaradılmış bu mobil əlavə haqda məlumat BBC korporasiyası tərəfindən yayılıb.

Yeni proqram təminatı böyrəklərin xəstəliklərini aşkar etmək üçün qan analizinin nəticələrindən istifadə edir. Proqramın bir alqoritmi qanın tərkibində kreatinin adlı maddənin yüksək miqdarını təyin edir. Amin turşuları və zülallar mübadiləsi ilə bağlı biokimyəvi reaksiya nəticəsində əzələlərdə yaranan bu maddə kəskin böyrək çatışmazlığına səbəb ola bilər. Tədqiqatın nəticələri müvafiq diaqramla və qrafiklərlə müşayiət olunan hesabat şəklində avtomatik rejimdə həkimlərə və tibb bacılarına göndərilir.

Xəstəxana heyətinin fikrincə, bu texnologiya çoxsaylı pasiyentlərin həyatını xilas etmək üçün həkimlərə kömək edəcək, çünki əksər hallarda məhz kəskin böyrək çatışmazlığının vaxtında müalicə edilməməsi həyati əhəmiyyətli digər orqanların zədələnməsinə gətirib çıxarır, bu isə ölümlə nəticələnə bilər. Hospitalın böyük tibb bacısı Meri Emerson deyib: "İlk dəfədir ki, xəstəxananın istənilən nöqtəsindən pasiyentlərin vəziyyəti barədə real zaman rejimində məlumat almaq imkanı əldə etmişik”.

London Universitet Kollecinin mütəxəssisləri pasiyentlərin böyrəklərinin vəziyyəti barədə yeni proqram əlavəsi vasitəsilə tərtib olunmuş 12 minə yaxın hesabatı tədqiq edərək bu nəticəyə gəliblər ki, həkimlər bu proqram əlavəsinin köməyi ilə böyrəklərdə patoloji dəyişiklikləri mövcud analiz metodları ilə müqayisədə xeyli tez aşkar edə biləcəklər. Ənənəvi analiz metodlarından istifadə edildikdə bu işə bir neçə saat sərf edilir.

Tədqiqatın nəticələri "Nature Digital Medicine” jurnalında dərc edilib. BBC korporasiyasının məlumatına görə, hər il 100 minə yaxın Britaniya sakini kəskin böyrək çatışmazlığının fəsadları ucbatından həyatını itirir.