Xəstəyə sinir köçürülməsi və əzələ transferi edildi - Azərbaycanda İLK

  • 2026.06.18 13:56
  • 124 Baxış
Xəstəyə sinir köçürülməsi və əzələ transferi edildi -  Azərbaycanda İLK

Səhiyyə Nazirliyi Ə.Əliyev adına ADHTİ-nin Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasında ölkəmizdə ilk dəfə olaraq unikal əməliyyat həyata keçirilib.

Medicina.az xəbər verir ki, klinikanın baş həkimi Dilqəm Məmmədovun rəhbərliyi və bilavasitə iştirakı ilə tibbi komanda tərəfindən həyata keçirilən üz iflici əməliyyatı uğurlu nəticə ilə yekunlaşıb.

6 saatdan çox davam edən əməliyyat gedişində yüksək texnologiyalı super mikrocərrahiyyə metodu ilə sinir köçürülməsi və əzələ transferi yerinə yetirilib ki, bu da uzun müddət üz iflicindən əziyyət çəkən xəstənin sağalması ilə nəticələnib. Xəstəlik səbəbindən mimiki hərəkətlətini tamamilə itirən, həm visual, həm də funksional discomfort yaşayan xəstədə üz nahiyyəsi əzələlərinin funksiyasının tam bərpa olunması onun cəmiyyətdə tam fəaliiyətini mümkün edib. 3 etapda gerçəkləşən uğurlu əməliyyat ölkəmizdə səhiyyə sisteminin inkişafının göstəricisidir.

Belə ağır və mürəkkəb rekonstruktiv cərrahi əməliyyatların dövlət müəssisəsi səviyyəsində həyata keçirilməsi səhiyyəmizin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirir. Artıq belə əməliyyatları keçirtmək üçün xaricə üz tutan vətəndaşlarımız həmin yardımı ölkəmizdə də ala bilirlər.


Səhiyyə Nazirliyinin dəstəyi ilə Ə.Əliyev adına ADHTİ-nin nəzdində yeni yaradılmış Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasının fəaliyyətində bu kimi ağır rekonstuktiv əməliyyatları sərbəst icra etmək üçün müasir standartlara üyğun hər cür şərait var.

Klinikada rekonstruktiv, estetik və mikrocərrahiyyə əməliyyatları, yanıq və postyanıq rekonstruksiyası, onkoplastik və travma sonrası bərpa cərrahiyyəsi, kraniofasial və əl cərrahiyyəsi, dəri və yumşaq toxuma defektlərinin örtülməsi, süd vəzisi və üz rekonstruksiyası, rinoplastika, blefaroplastika, mammoplastika, liposaksiya, abdominoplastika, üz gərmə kimi estetik əməliyyatların həyata keçirilməsi mümkündür.

Aygün
Medicina.az