Yaponiyada işdən artıq vaxt problemi səlahiyyətlilər tərəfindən dörd günlük iş həftəsi tətbiq etməklə həll edilir: təcrübə göstərdi ki, bu yanaşma əmək məhsuldarlığını artırır.
“Medicina” xəbər verir ki, burda orta iş günü 12 saatdan 16 saata qədərdir. Burada iş gününü vaxtında bitirmək adət deyil; əksinə qanuni istirahət günündə işə getmək və demək olar ki, məzuniyyətə çıxmamaq normaldır.
Çox işləmək vərdişi yaponlara həmişə xas olub. Lakin ölkənin tənəzzülə uğradığı 1970-ci illərdə vətəndaşlar ailələrini təmin etmək və bütün xalqın həyat səviyyəsini yaxşılaşdırmaq üçün xüsusilə çox çalışmalı oldular. Beləliklə, artıq iş hər bir yaponun həyatının ayrılmaz hissəsinə çevrilib.
Hər kəs yüksək iş yükünə tab gətirə bilmir: bəzi işçilər işdə həddindən artıq gərginlikdən ölürlər. Alimlər bunu "karoşi" adlandırırlar və həkimlər bunun bütün millətin problemi olduğuna inanırlar.
Bu gün hakimiyyət Yaponiyada iş həyatının normasını tənzimləmək və müəyyən etmək üçün dörd günlük iş həftəsi təcrübəsini tətbiq edir.
Dördgünlük iş həftəsi ölkənin iqtisadi siyasətinin illik təlimatlarına daxil edilib. Baş nazir Yoşihide Suqanın kabineti sənədi 2021-ci ilin iyun ayının sonunda təsdiqləyib. Tələb məcburi deyil - hər bir işəgötürən öz işçi heyətinə belə bir variant təklif edib-etməyəcəyinə özü qərar verir.
Təcrübə 2019-cu ilin avqustunda Microsoft-un Yaponiya bölməsi tərəfindən aparılıb.
Cümə günü bütün 2300 işçiyə əlavə istirahət günü verilib. Maaşlar əvvəlki kimi qaldı, məzuniyyət günləri tutulmadı. Nəticədə şirkət enerji sərfiyyatına (23% azalıb) və kağız üzərində (işçilər 58% az sənəd çap edib) qənaət edib. Nəticədə müəssisədə əmək məhsuldarlığı 40 faiz artıb.
Bu yanaşma yaponların psixoloji və fiziki vəziyyətini qoruyub saxlamağa kömək edəcək, onlar daha çox istirahət edə, ailələri ilə vaxt keçirə və şəxsi işləri ilə məşğul ola biləcəklər.
Aygün Musayeva