Yayda olan 3 ginekoloji xəstəlik – Ginekoloq Xanım Adıgözəlova

  • 2023.05.12 18:28
  • 6982 Baxış
Yayda olan 3 ginekoloji xəstəlik  –  Ginekoloq Xanım Adıgözəlova
Yay dedikdə ağlımıza gələn ilk şey zehnimizi və bədənimizi dincəldə biləcəyimiz “tətil”dir.

Ancaq isti hava, mənfi gigiyena şərtləri və tərləmə bəzi ginekoloji problemlərə səbəb ola bilər. Belə ki, təmizliyinə əmin olmadığınız hovuzlardan istənilməyən infeksiyalar tuta, ginekoloji sağlamlığınızı risk altına ata bilərsiniz. Bu səbəbdən yay üçün tətil planı qurarkən sağlamlığınızı da diqqətdə saxlamağı unutmayıb.

Həkim mama-ginekoloq Xanım Adıgözəlova sağlamlığınızı riskə atmamaq üçün bəzi qaydalara riayət etməyinizin lazım olduğuna diqqət çəkərək mövzu ilə bağlı məlumat verib.

Bakterial vaginoz

Bakterial vaginoz genital floranın pisləşməsi, vaginal pH dəyərini sağlam vaginal mühitdə asidik saxlayan laktobasillərin azalması və zərərli bakteriyaların artması ilə xarakterizə olunan xəstəlikdir. Xüsusilə cinsi əlaqə və menstruasiya sonrası cinsiyyət orqanlarında sancma, yanma, qaşınma, pis iyli axıntıların artması ilə özünü göstərir. Həkim mama-ginekoloq Xanım Adıgözəlova bildirir ki, bakterial vaginozdan qorunmaq üçün ginekoloji gigiyenaya diqqət etmək lazımdır. Vaginal gigiyena ilə bağlı həkimin yazdığı “Vaginal gigiyena: Ən çox edilən yanlışlar” adlı yazısını oxuya bilərsiniz. Həmçinin çox insanın istifadə etdiyi hovuzlara girməməklə də bu infeksiyadan qorunmaq olar.

Vaginal göbələk infeksiyası

Vaginal maya infeksiyası, xüsusilə yayda nəm qalan cinsiyyət sahəsi ilə əlaqəli ən çox görülən genital infeksiyadır. Genital bölgədə qaşınma, yanma, narahatlıq hissi, sidik ifrazı zamanı yanma, anormal vaginal axıntı və cinsi əlaqə zamanı ağrı kimi şikayətlərə səbəb olur. Vaginal göbələk infeksiyasından qorunmaq üçün mama-ginekoloq Xanım Adıgözəlova qeyd edir ki, pambıq alt paltarına üstünlük verin, nəm alt paltarınızı və yaş çimərlik paltarınızı-bikininizi dəyişməyi unutmayın, dar, daha az hava keçirən, sintetik və tərli geyimlərdən çəkinin. Həmçinin yüksək kalorili, şəkərli qida və içkilərdən uzaq durmağı, vaginal nəmliyi artıran gündəlik pedlərdən istifadə etməmək tövsiyə olunur.

Trixomoniaz infeksiyası

Trixomoniaz cinsi yolla keçən parazitar xəstəlikdir. Üzgüçülük hovuzlarından, ümumi tualetlərdən, dəsmallardan və alt paltarlarından da yoluxa bilər. Ginekoloq bildirir ki, bu infeksiyadan qorunmaq üçün təmiz olmadığını düşündüyünüz tualetlərdə idrar etdikdən sonra yalnız tualet kağızı ilə qurulanın, alt paltarı və dəsmal kimi şəxsi əşyalarınızı başqaları ilə paylaşmayın, həmçinin çox sıx olan və su dövranı zəif olan hovuzlara girməyin.

Qadınlarda bununla yanaşı bir çox vaginal infeksiyaya rast gəlinir. Həkim mama-ginekoloq Xanım Adıgözəlova “Cinsi Yolla Keçən İnfeksiyalar: Növləri və Simptomları” ilə bağlı yazısında qeyd edib ki, hər hansı bir əlamətiniz olmasa belə, mütəmadi olaraq cinsi infeksiyalar üçün analizlər vermək vacibdir. Analizlər infeksiyanı erkən müəyyən etməyə və sonrakı ağırlaşmalara səbəb olmamışdan əvvəl müalicə almağa kömək edir. Bir çox cinsi infeksiyalar antibiotik və ya antiviral dərmanlarla müalicə oluna bilər, lakin genital herpes və İİV kimi infeksiyaların müalicəsi yoxdur və bu halda davamlı müalicə tələb olunur. Ona görə də xüsusilə yay aylarında infeksiyalardan maksimum qorunmağa çalışmaq lazımdır.

Unutmayın ki, istənilən fəsildə ginekoloji sağlamlığınızı qorumaq üçün mütəmadi olaraq qeyd olunanlara əməl etməli, müntəzəm olaraq ginekoloq müayinəsində olmalısınız.