"Yeni Klinika"nın həbs olunmuş baş həkiminə bəraət istənilib

  • 2021.11.19 16:22
  • 1169 Baxış
"Yeni Klinika"nın həbs olunmuş baş həkiminə bəraət istənilib

Bakı Ağır Cinayətlər Məhkəməsində “Yeni Klinika” Publik Hüquqi Şəxsin direktoru Pərviz Abbasov və digərlərinin cinayət işi üzrə növbəti məhkəmə prosesində təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışı edib.


Medicina.az xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində Pərviz Abbasovun vəkilləri çıxış edərək müdafiə etdikləri şəxs barəsində bəraət hökmü çıxarılmasını istəyiblər.

Vəkillər bildirib ki, cinayət işi başlanandan bu günədək davam etdirilməsi üçün heç bir əsaslı maddi sübut olmayıb.

Qeyd edək ki, prokuror ötən prosesdə çıxış edərək təqsirləndirilən şəxslərə cəza istəyib.


Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı baş həkim P.Abbasovun 10 il, digər həbsdə olan təqsirləndirilən şəxslərin hər birinin 9 il, barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilmiş Vüsalə Əliyevanın isə həbs edilərək 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Rəsmi ittihamda yazılır ki, həbs edilən şəxslər COVİD-19 xəstəliyindən əziyyət çəkən ayrı-ayrı şəxslərin stasionar qaydada müalicə olunmalarının təmin olunması məqsədilə rəhbərlik etdiyi tibb müəssisəsinə yerləşdirilməsi müqabilində onların yaxınlarından pul alıblar.


Həbs edilən şəxslərdən Qalib Nəcəfov "Buta" klinikasında həkim radioloq vəzifəsində işləyib, Vüsalə Əliyeva “Avrasiya” klinikasında və "Viola" MMC-də menecer işləyib, Əvəz Hüseynov Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimi vəzifəsibdə çalışıb. Samir Mirzəyev isə işsiz olub.


Adı çəkilən şəxslərdən yalnız Vüsalə Əliyeva ev dustaqlığındadır.