Demansdan ölən 24 yaşlı britaniyalı kişi beynini elmə bağışladı.
Norviçdən olan Andre Yarham Avropada bu xəstəlik diaqnozu qoyulmuş ən gənc xəstə oldu.
Medicina.az xəbər verir ki, o, 27 dekabr 2025-ci ildə Norfolkdakı hospisdə vəfat etdi. Gənc kişi son dərəcə erkən başlayan frontotemporal demansdan əziyyət çəkirdi və Böyük Britaniyada bu xəstəliyə yoluxan ən gənc xəstə idi. Andrenin ailəsi onun beynini elm adamlarına bağışlamaq qərarına gəldi.
Andrenin anası Samantha Fairbairn BBC-yə açıqlamasında bildirib ki, oğlunda dəyişiklikləri ilk dəfə 2022-ci ilin sonunda hiss edib: o, son dərəcə unutqan, bəzən ifadəsiz bir üzlə donub qalmış, boşluğa baxır və qəribə davranmağa başlamışdı.
MRT müayinəsi Yarhamın beyninin qeyri-adi dərəcədə kiçildiyini, 70 yaşlı bir insanın beyninə bənzədiyini aşkar etdi. Ona 23 yaşına bir ay qalmış frontotemporal demans diaqnozu qoyuldu.
Bu, demans diaqnozu qoyulmuş təxminən 20 nəfərdən birində rast gəlinən xəstəliyin nadir bir formasıdır. Demans adətən qocalıqla əlaqəli olsa da, xəstəliyin bəzi formaları təəccüblü dərəcədə erkən özünü göstərə və həyəcan verici dərəcədə tez irəliləyə bilər. Frontotemporal demansla məhz bu baş verir.
Adətən yaddaşa ilk hücum edən Alzheimer xəstəliyindən fərqli olaraq, frontotemporal demans beynin şəxsiyyət, davranış və nitqdən məsul olan hissələrinə təsir göstərir. Bu sahələr frontal və gicgah paylarında yerləşir. Bu sahələr zədələndikdə insanlar dəyişir, qapalı, impulsiv və ya ünsiyyət qura bilmirlər.
Həyatının son mərhələlərində Yarham nitqini itirdi, artıq özünə qulluq edə bilmirdi və əlil arabasına məhkum idi. Lakin, anasının sözlərinə görə, xəstəlik hələ də Andreni yumor hissi, gülüş və təbəssümdən məhrum edə bilmədi.
Yarhamın ailəsinin beynini elmə bağışlamaq qərarı bir ailənin faciəsini başqaları üçün ümidə çevirən bir hədiyyədir.
Aygün Musayeva