Sabirabadın Çöl-Beşdəli kənd sakini 52 yaşlı Zeynəb Ağayeva ona əlilliyə görə təyin olunmuş müavinətinin dayandırılmasından şikayətçidir.
Medicina.az xəbər verir ki, şikayətçi başında yaranmış problemlə bağlı əməliyyat olunduqdn sonra sol gözü tamamilə görmə qabiliyyətini itirdiyindən sağ gözündə də çəpləşmə müşahidə olunmağa başlayıb. Müraciəti əsasında ona 2-ci qrup əlillik dərəcəsi təyin olunub və aylıq 250 manat müavinət alıb, lakin sonradan dayandırılıb.
Məsələ ilə bağlı Tibbi Sosial Ekspertiza və Reablitasiya Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, Sabirabad rayon sakini 1974-cü il təvəllüdlü Ağayeva Zeynəb Əli qızının bildirdiyi kimi əlilliyi dayandırılmayıb. Sadəcə vətəndaşın əlillik müddəti 11.12.2025-ci il tarixdə başa çatsa da, əlilliyinin yenidən qiymətləndirilməsi ilə bağlı heç bir müraciəti olmayıb. Bunun üçün vətəndaş qeydiyyatda olduğu poliklinikaya müraciət etməlidir. Tibb müəssisəsi tərəfindən şəxslə bağlı yenidən müvafiq sənədlər elektron sistemə göndərilməlidir ki, əlilliyinin qiymətləndirilməsi aparıla bilsin. Agentlikdən o da qeyd edildi ki, göndəriş daxil edildiyi halda qanunvericiliyə uyğun olaraq Zeynəb Ağayevanın əlilliyinin təkrar qiymətləndirilməsi aparılacaq.