Alimlər autizmi aşkarlamaq üçün qeyri-invaziv test hazırlayıblar.
Medicina.az xəbər verir ki, ABŞ alimləri uşaqlarda pozğunluğun aşkarlanmasını əhəmiyyətli dərəcədə asanlaşdıra və sürətləndirə biləcək autizm diaqnozu üçün yeni bir metod hazırlayıblar. Test üçün yalnız sidik nümunəsi tələb olunur ki, bu da proseduru sadə və qeyri-invaziv edir.
İnqilabi skrininq metodu Arizona Dövlət Universitetinin tədqiqatçıları tərəfindən hazırlanıb. O, sidikdə autizm spektri pozğunluğu üçün bioloji marker kimi xidmət edə biləcək spesifik birləşmələrin aşkarlanmasına əsaslanır.
Alimlər qeyd edir ki, erkən diaqnoz xüsusilə vacibdir, çünki autizm halları xeyli artıb. Araşdırmaya görə, diaqnozların sayı 2011-2022-ci illər arasında 175% artıb.
Tədqiqatın bir hissəsi olaraq, alimlər 2 yaşdan 11 yaşa qədər uşaqların sidik nümunələrini təhlil ediblər.
Mütəxəssislər bağırsaqdakı mikroorqanizmlərin fəaliyyəti nəticəsində əmələ gələn 17 mikrob metabolitini - molekulları araşdırıblar.
Tədqiqatda 99 uşaq iştirak edib. Onlardan əlli ikisinə autizm spektr pozğunluğu diaqnozu qoyulub, 47 uşağa isə bu diaqnoz qoyulmayıb.
Alimlər autizmli uşaqların demək olar ki, hamısında tədqiq olunan metabolitlərdən ən azı birinin səviyyəsinin nəzarət qrupunda qeydə alınan maksimum dəyərləri aşdığını aşkar ediblər.
Orta hesabla autizmli uşaqlarda təxminən üç yüksək metabolit olub və bəzi səviyyələr normadan min dəfə çox olub.
Tədqiqatın müəllifləri autizm spektr pozğunluğu olan uşaqlarda müəyyən metabolitlərin səviyyəsinin davamlı olaraq yüksək olduğunu bildiriblər. Onlar xüsusilə vacib neyrotransmitterlərin istehsalında iştirak edən amin turşularından əmələ gələn birləşmələrə diqqət yetiriblər.
Tədqiqatın həmmüəllifi Ceyms Adams mətbuat açıqlamasında qeyd edib ki,Bu bakteriyalar əsasən serotonin və dopaminin modifikasiya olunmuş formaları olan metabolitlər istehsal edir.
Alimin sözlərinə görə, serotonin və dopamin əhval-ruhiyyənin, yaddaşın və idrak proseslərinin tənzimlənməsində mühüm rol oynayır.
Hər iki neyrotransmitter əhval-ruhiyyəyə, idrak funksiyasına və yaddaşa təsir göstərir ki, bu da "autizmli uşaqlarda müşahidə olunan bir çox simptomları və əlaqəli təzahürləri - onların sosial ünsiyyəti, narahatlığı, depressiyası və diqqətini izah edə bilər"- Adams əlavə edib.
Aygün Musayeva