Ayaqlarda tromblar- Necə bilinir?

  • 2025.12.16 14:03
  • 130 Baxış
 Ayaqlarda tromblar - Necə bilinir?

Tromb kişilərdə qadınlara nisbətən daha az rast gəlinir.

Xəstəliyə vaxtında müdaxilə olunmazsa, çox ağır nəticələrə səbəb ola bilər.
Xəstəliyin yaranma səbəbləri həm qazanılmış, həm də anadangəlmə ola bilər.

Aşağı ətrafların (bud və baldırların) dərin venalarında qan laxtası – trombun əmələ gəlməsinə aşağı ətrafların dərin damarlarının trombozu (flebotromboz) deyilir. Tromb - qan axımının qarşısını alır, nəticədə ayaq damarlarından ağciyər və ürəyə qan axımı çətinləşir.

"Medicina" xəbər verir ki, B14 nömrəli Şəhər Poliklinikasının həkim-cərrahı Fəridə Quluzadənin sözlərinə görə, kişilərdə qadınlara nisbətən bu xəstəlik daha az rast gəlinir. Bunun əsas səbəbi qadınların oral kontroseptivlərdən istifadə etməsidir:


“Xəstəliyin ilkin mərhələsində gözlə görünə bilən əlamətlər olmaya bilər. Aşağı ətraf damarlarının kəskin trombozu zamanı xəstələrdə ən çox ayaqlarda ağrı və hissiyatın artması, hərəkət məhdudluğu, ayaq əzələlərində gərginlik və ağırlıq hissinin əmələ gəlməsi kimi əlamətlər müşahidə olunur.

Sonrakı mərhələdə ayaq dərisinin rəng dəyişimi, ayaq venalarının genişlənməsi, topuqdan başlayan şişkinlik, ayaqda əmələ gələn yüksək hərarət kimi əlamətlər artıq xəstəliyin kəskinləşməsinin nəticəsidir”.
Həkim-cərrah onu da bildirdi ki, aşağı ətraf venalarının kəskin trombozu zamanı xəstəyə müdaxilə olunmazsa, ağır nəticələrə gətirib çıxarda bilər. Ölçücə qalın venaların trombozu insan həyatı üçün təhlükəlidir.

Xəstəliyin yaranma səbəblərindən bəhs edən F. Quluzadə bu səbəblərin həm anadangəlmə, həm də qazanılmış ola biləcəyini nəzərə çatdırdı:
“Bu səbəblər sırasında qan tərkibinin patoloji dəyişməsi, qan damarlarının divarlarının zədələnməsi, qan axımında əmələ gələn dəyişikliklər kimi səbəbləri göstərmək olar”.

Xəstəliyin müalicə üsullarına da toxunan həkim-cərrah bildirir ki, həkimin vizual baxışı və anamnezin toplanmasından sonra qanın ümumi müayinəsi və koaquloqramma təyin olunur. Daha sonra aşağı ətraf venalarının doppler müayinəsi həyata keçirilir. Bu müayinələr diaqnozu təsdiq etmək üçün yetərlidir:

“Bundan əlavə, yalnız həkim təyinatı ilə konservativ müalicə kimi kompression corablar, dərman müalicəsi kimi antikoaqulyant və trombolitik terapiya, az hallarda isə cərrahi müalicə tətbiq olunur. Cərrahi müalicənin tətbiq olunmasına səbəb ayaq venalarının keçiriciliyinin bərpası, venalarda klapan funksiyasının saxlanılması, ağciyər embaliyasının əmələ gəlməməsi tədbirləri və s. göstərmək olar”.

Mütəxəssisimiz xəstəliyin profilaktikası kimi dieta (balans olunmuş qida və yetərli dərəcədə maye qəbulu), gimnastika (səhər gimnastikası, oturaq həyat tərzi zamanı hər bir saatdan 5-10 dəqiqəlik yürüyüş), geyimdə kompression corabların və rahat ayaqqabıların istifadəsini tövsiyə edir.