Bu bitkinin xərçəng hüceyrələrini 85% kiçiltdiyi məlum oldu

  • 2024.04.30 21:00
  • 787 Baxış
Bu bitkinin xərçəng hüceyrələrini  85% kiçiltdiyi məlum oldu
Hər yeni araşdırma istehlak etdiyimiz qidaların sağlamlığımız üçün mühüm rol oynadığını bir daha sübut edir.

Medicina.az xəbər verir ki, xərçəngə qarşı qoruyucu təsiri ilə seçilən bitkilər üzərində aparılan araşdırmalar son dövrlərdə elm aləmində böyük əks-səda yaradıb.

Belə ki, kəklikotu və rozmarin şişləri yox edən xüsusiyyətlərinə görə xərçəngin qarşısının alınmasında ən təsirli otlar arasına daxil olub.

“International Journal of Molecular Science”da dərc olunmuş bir araşdırmada kəklikotunun şiş əleyhinə təsirlərindən bəhs olunub. Siçanlar üzərində aparılan araşdırmada, kəklikotunun iki fərqli konsentrasiyası şiş həcmini 85% və 84% azaldıb.
Kəklikotunun bu təsirlərinin çoxu, “terpenoidlər”lə əlaqəlidir. Bunlar antioksidant xüsusiyyətləri olan bir qrup fitokimyəvi maddələrdir. Onların antioksidant xüsusiyyətləri hüceyrələri xərçəngdən qoruya biləcək bir mexanizm ehtiva edir.

Alimlər kəklikotunun tərkibindəki antioksidant, iltihabəleyhinə və immunomodulyator fəaliyyət göstərən fitokimyəvi maddələrin xərçəngin böyüməsini və yayılmasını azalda biləcəyini bildirirlər. Onlar bu bitkinin xərçəngə qarşı ümidverici təsirlərə malik olduğunu vurğulayırlar.

Kanzas Universitetinin tədqiqatçısı J.Skott Smif isə aşkar edib ki, rozmarin də kəklikotu kimi heterosiklik aminlər (HCA) olaraq tanınan kanserogen maddələrə qarşı güclü qoruyucu təsir göstərir.

Tədqiqat ət kotletinə rozmarin ekstraktının əlavə edilməsinin HCA-nı 30-90 faiz azalda biləcəyini göstərib. Bu tapıntılar ətin müəyyən otlar və ədviyyatlarla marinatlanmasının HCA səviyyələrini azalda biləcəyini göstərən əvvəlki tədqiqatlara uyğundur.

Ohayo Universiteti rozmarində karnosol kimi tanınan fitokimyəvi maddənin olduğunu qeyd edir. Bu maddə xərçəng hüceyrələrinin böyüməsini ləngidir, immunitet sistemini gücləndirir, xərçənglə əlaqəli hormonların istehsalını azaldır və antioksidant kimi fəaliyyət göstərir.

Bir sıra araşdırmalara görə, rozmarin xərçəng hüceyrələrinin yayılmasına maneə törətməklə şişin böyüməsini dayandıra bilər.

2011-ci ildə “Critical Reviews in Food Science and Nutrition” jurnalında dərc edilən meta-analiz rozmarinin kolorektal xərçəng və digər xərçəng növlərinə qoruyucu təsirini göstərdi.Tədqiqatçılar rozmarin ekstraktı və onun komponentlərinin xərçəng əleyhinə potensialını göstərən heyvan və hüceyrə tədqiqatlarından ibarət çoxsaylı araşdırmaları nəzərdən keçiriblər. Rozmarində olan karnozik, rustik və rozmarinik turşular kimi digər birləşmələrin də xərçəngin qarşısının alınmasında effektivliyi sübut edilib.

Rozmarin müxtəlif orqanlarda, o cümlədən kolon, döş, qaraciyər, mədə xərçənglərində təsirlidir. Bu bitki melanoma və leykemiya hüceyrələrini dayandırmaq qabiliyyətinə malikdir.

Alimlərin sözlərinə görə, rozmarin, kəklikotu, reyhan, nanə və adaçayı kimi antioksidanlarla zəngin bir çox ot və ədviyyat birlikdə istifadə edildikdə təsir daha da artır.


Aysel