İdmanla məşğul olanlara ŞAD XƏBƏR: güc məşqlərinin gözlənilməz faydası...

  • 2024.05.17 20:30
  • 705 Baxış
İdmanla məşğul olanlara ŞAD XƏBƏR:  güc məşqlərinin gözlənilməz faydası...
Güc məşqləri bədənlə yanaşı beyindəki əzələləri də gücləndirir.

Medicina.az xəbər verir ki, bu, aparılan araşdırmalar nəticəsində məlum olub.

Ağırlıq məşqləri beynin qlükoza əldə etmək və emal etmək qabiliyyətini yaxşılaşdırır, ürək-damar xəstəlikləri və diabet də daxil olmaqla, müxtəlif tibbi vəziyyətlərlə bağlı riski azaldır.

Uzunmüddətli balanssız qan şəkəri iltihaba və insulin müqavimətinə səbəb ola bilər. Bu isə beyin hüceyrələrinin ehtiyac duyduqları enerjiyə çıxışını maneə törədir və davamlı zərər verir. “British Journal of Sports Medicine” jurnalında dərc edilən araşdırma göstərir ki, hətta tək bir güc məşqi qan şəkəri və insulin səviyyəsini 24 saata qədər azaltmağa qadirdir. Üstəlik məşq təkcə beyin funksiyasını yaxşılaşdırmır, həm də beynin həcmini artırır.

“Journal of Alzheimer's Disease” jurnalında dərc olunan başqa bir araşdırma çərçivəsində 10 mindən çox insanın beyin skanları təhlil edilib. Beləliklə, müntəzəm məşqin (bir neçə min addım yerimək də buraya daxildir) beyin həcminin artması ilə əlaqələndirilə biləcəyi müəyyən olunub. Tədqiqat istər sürətli yeriş, istər qaçış, istərsə də güc məşqi ilə məşğul olan, bir sözlə, orta və yüksək aktiv insanlarda yaddaşdan məsul hipokampus kimi bir çox bölgədə daha çox beyin kütləsi olduğunu aşkarlayıb.

Beyin həcmi beyin sağlamlığı ilə əlaqələndirilir, daha az həcm idrak qabiliyyətinin azalmasına və demensiya başlanğıcına işarə edir.

"Biz aşkar etdik ki, hətta orta dərəcəli fiziki fəaliyyət, məsələn, gündə 4000-dən az addım atmaq beyin sağlamlığına müsbət təsir göstərə bilər", - deyə Sakit Okean Neyrologiya İnstitutunun Beyin Sağlamlığı Mərkəzinin direktoru və tədqiqatın həmmüəllifi Dr. Devid Merrill bildirib.


Aysel