İshal deyib keçməyin! – Ölümə səbəb ola bilər

  • 2024.07.04 18:46
  • 475 Baxış
İshal deyib keçməyin! –  Ölümə səbəb ola bilər
Prof. Dr. Alper Şener bəzi yaş qruplarında ölümcül ola bilən "yay ishalı" barədə mühüm açıqlama verib.

Medicina.az xəbər verir ki, o, “turist ishalı” da deyilən bu xəstəliyə isti havalarda çox rast gəlindiyini bildirib.

“Yay tətilində naməlum qidalar istehlak edildikdə, bəzən yer və ya ölkə dəyişikliyi səbəbindən heç bir yoluxucu xəstəlik olmadan bağırsaq vərdişlərində dəyişikliklər baş verə bilər. Bu da olduqca təbiidir. Əgər qida ilə əlaqəlidirsə, yəni zəhərlənmədirsə, mütləq ürəkbulanma və qusma ilə müşayiət olunur. Bu, həmçinin zəiflik, iştahsızlıq, əzələ ağrısı və qızdırmaya səbəb ola bilər.

Bəzən də şiddətli ishal salmonella və shigella kimi bağırsaq patogenləri ilə qarışdırıla bilər. Buna görə də onları bir-birindən fərqləndirmək lazımdır. Çünki qida zəhərlənməsi zamanı mütləq antibiotik müalicəsi aparılmalıdır”, - deyə professor qeyd edib.

Prof. Dr. Alper Şener hazır qidaların çimərliklərdə problem yarada biləcəyinə diqqət çəkib:

“Hazır yeməklər çoxlu şəkildə hazırlanaraq pərakəndə satışa çıxarılır. Misal üçün, kumpir. Ona mayonez və digər əlavələr qatıldığı üçün bakteriyalar üçün münbit şərait yaranır. İstidə qalıb xarab olmağa üz tutmuş bu cür qidalardakı bakteriyalar insanlarda ürəkbulanma, qusma, ishal kimi əlamətlərə səbəb olur.

Digər tərəfdən, açıq havada satılan qidaların çoxu təhlükəlidir. Çünki kolbasa, sosis və tomat pastası kimi hazır qida məhsullarının saxlanma şəraiti doğru olmalıdır. Yeməyin xarab olmasının qarşısını almaq üçün 19-20 dərəcədən yuxarı temperaturlara məruz qoymamaq lazımdır”.

O qeyd edib ki, xüsusilə günəşli ərazilərdə və çimərliklərdə isti havanın təsirilə bakteriyalar istidə çoxalır və həddindən artıq toksin istehsal edirlər:

“Ona görə də isti mühitlərdə və çimərliklərdə özünüz hazırladığınız məhsullar olsa belə, qısa müddətdə istehlak edin. Çünki bu cür məhsulların istehlakı ilə yarana biləcək yay ishalı müəyyən yaşlarda ölümcül ola bilər. Xüsusilə 65 yaşdan yuxarı və 5 yaşdan aşağı olanlara daha çox diqqət yetirilməlidir”.


Aysel