Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İsti havalarla bağlı XƏBƏRDARLIQ: Susamağı gözləməyin!

  • 2024.06.06 17:21
  • 1498 Baxış
İsti havalarla bağlı XƏBƏRDARLIQ:  Susamağı gözləməyin!
İsti havalar bir çox sağlamlıq probleminə səbəb olur.

Medicina.az türkiyəli professor Dr. Mustafa Sait Gönenin isti havalarda mütləq əməl etməyi məsləhət gördüyü tövsiyələrini təqdim edir:

Həkimin ilk məsləhəti, zərurət olmadıqca saat 11:00-15:00 arasında çölə çıxmamaqdır. İkinci ən mühüm məsələ isə su içməkdir.

“Susamasanız belə, isti havada tez-tez su içmək lazımdır, gündə ən azı 2.5 litr su içməlisiniz. Su içmək üçün susamağı gözləməyin”, - deyə professor bildirib.

Xüsusilə uşaqların, yaşlıların, ürək, şəkər və yüksək təzyiq kimi xroniki xəstəlikləri olanların diqqətli olmasını lazım bilən M.S.Gönen isti havanın təsirindən xilas olmaq üçün tərkibində minerallar olan mayelərdən bol istifadə etməyi tövsiyə edib.

O, yay aylarında tərləmə səbəbiylə bədəndə duz və mineral itkisinin baş verdiyini, buna görə də duzla bağlı hər hansı bir narahatlığı olmayanların itirdikləri duzu əvəzləmək üçün ayran kimi duzlu içkilər içməli olduqlarını açıqlayıb.

“Alkoqollu və qazlı içkiləri sərinləmək məqsədilə istifadə etməməlisiniz, çünki bunlar əvvəlcə soyutma effekti verir, sonra isə orqanizmin su itkisini artırır. Yüngül, sulu yeməklər yemək lazımdır. Xüsusilə yağlı, ağır yeməklərdən çəkinmək lazımdır. Desert əvəzinə meyvə yeyilə bilər”, - deyə M.S.Gönen diqqətə çatdırıb.

O, sərinləmək üçün tez-tez duş qəbul etməyi məsləhət görüb.

Həkim bildirib ki, həddindən artıq istiyə məruz qalan insanın beynində termotənzimləmə mərkəzi dediyimiz temperaturun tənzimlənməsi mərkəzi pozulur:

“Çox isti və rütubətli havalarda 37 dərəcə ətrafında olan bədən istiliyi 40-41 dərəcəyə qədər yüksələ bilər. Onun bu səviyyəyə qalxması kifayət qədər risklidir. Xüsusilə beyin hüceyrələrinə zərər verə bilər. Həddindən artıq istiyə məruz qalan insanın beynində termorequlyasiya pozulduqda, günvurma deyilən ciddi sağlamlıq problemi yaranır. Yüksək hərarət, tərləmə qabiliyyətinin olmaması, baş ağrısı, başgicəllənmə, qusma, ürəkbulanma və dəri quruluğu simptomlardan bəziləridir”.

Professor bu hallarla üzləşdikdə dərhal xəstəxanaya müraciət etməyin vacib olduğunu deyib.

O, isti havalarda istifadə edilən kondisionerlərin yaratdığı təhlükəyə də diqqət çəkib.

“Xüsusilə insanların çox olduğu yerlərdə kondisionerlərin filtrləri yaxşı təmizlənməlidir, əks halda bu, yoluxucu xəstəliklərə səbəb olar.

Gecə yatarkən kondisionerdən istifadə etmək əvəzinə, küləyin içəri keçməsi üçün qapı-pəncərələri açmaq daha yaxşı olar”, - deyə professor vurğulayıb.


Aysel