Panik atakla ürək tutmasının fərqi – Qorxanlar oxusun

  • 2024.09.18 09:19
  • 970 Baxış
Panik atakla ürək tutmasının fərqi –  Qorxanlar oxusun
Panik atak, nevroloji, psixoloji tutma ilə ürək tutması bəzən xəstələri çaşdırır. Ölüm qorxusu xəstəni adekvat düşünməyə imkan vermir.

Medicina.az xəbər verir ki, həkim Yuliya Marşinçeva panik atakda ürəyin niyə ağrıdığını açıqlayıb:

“Panik atak, qorxu və təşviş zamanı ürəkdə, başda sıxılma, havasızlıq, nəbzin normanı aşması, boğulma və s. ola bilər. Adətən belə xəstələr birinci kardioloq və digər həkimləri gəzir və çıxılmaz labirintə düşürlər.

Panik atak uzunmüddətli stress, psixoloji gərginlik və psixi yorğunluqdan qaynaqlanır. Xəstələrdə gecələr, hətta yuxuda, eləcə də qapalı məkanlarda, sıx ortamlarda, yaxşı havlalandırılmamış yerlərdə tutmalar olur.

Ürək tutmasında güclü basıcı, deşici ağrı olur, ağrı sol tərəfə yayılır, hətta qolda, barmaqlarda, çənədə, dişdə belə hiss edilir. Həmin an EKQ çəkilsə, işemik dəyişikliklər görünür.

Amma panik atak xəstələri nə qədər EKQ çəksələr də, normal çıxır. Onlarda taxikardiya, sinus taxikardiya, aritmiya güclənmiş olur. Panik atak zamanı autotreninq çox yaxşı təsir edir.

Bunun üçün dərindən nəfəs alıb vermək, nəfəsi tutub saxlayıb sonra buraxmaq, burundan nəfəs alıb, ağızdan buraxmaq və həmin an ətrafdan kiminləsə bərkdən danışmaq lazımdır.

Müalicə üçünsə psixiatr və psixoloqa müraciət edilir. Bu xəstələrə digər dərmanlar lazım deyil. Panik ataklar öldürücü deyil, amma yorucudur. İnsanın həyat və iş keyfiyyətini azaldır, bu da sağlamlıqda digər problemlərə səbəb olur”.

Aygün Musayeva
Medicina.az