Tibbimizin yırtığı: Onurğa sütununda korrupsiya əməliyyatları - ARAŞDIRMA

  • 2024.09.09 12:02
  • 1231 Baxış
Tibbimizin yırtığı:  Onurğa sütununda korrupsiya əməliyyatları - ARAŞDIRMA
Azərbaycanda İcbari Tibbi Sığorta (İTS) sistemi tətbiq olunana qədər insanlar aylarla, illərlə hansısa xəstəliklə yaşayırdılar. Xüsusən də cərrahi müdaxilənin vacib olduğu xəstəliklərdən əziyyət çəkənlər. Çünki xəstəxanalarda, əsasən də özəl klinikalarda tibbi müayinə və əməliyyat xərcləri yüksək idi. Çoxlarının bu xərcləri qarşılamaq imkanı olmurdu.

Ancaq İTS-nin tətbiqindən, sığorta zərfinin genişlənməsindən sonra vəziyyət xeyli dəyişib və səhiyyə xidmətinin əlçatanlığı getdikcə daha da artır.




İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin bu ilin mayında açıqladığı "2023-cü il üzrə fəaliyyətə dair hesabat" da dediklərimizi təsdiq edir. Belə ki, ötən il dövlət tibb müəssisələrinə 5 milyon şəxs 22 milyondan çox müraciət edib. Bu o deməkdir ki, ölkə əhalisinin 50%-i icbari tibbi sığortadan yararlanıb. İTS-nin tətbiq olunduğu tibb müəssisələri üzrə 2023-cü il ərzində 33%-i (1 664 080 ) uşaq olmaqla (0-17 yaş) 5 011 538 vətəndaş tibbi xidmətlərdən faydalanıb. 2022-ci il ilə müqayisədə bu göstərici 10% artıb.

İTS-nin tətbiqi ilə icra olunan cərrahiyyə əməliyyatlarının sayında da artım müşahidə olunur. 2022-ci illə müqayisədə 2023-cü ildə cərrahi əməliyyatların sayı da 10% artıb.

İTS-nin bir çox insanlara sağlamlıqlarını yaxşılaşdırmaq imkanı yaratdığına dair başqa arqument və rəqəmlər də gətirmək olar. Amma buna ehtiyac yoxdur. Çünki yeni sistemin tətbiqinin müsbət nəticələrini heç kim inkar etmir. Ancaq təəssüf ki, İTS ilə bilavasitə cərrahiyyə əməliyyatlarının icrası zamanı bir çox qanunsuz, hətta deyərdik ki, dələduzluq əməllərinə yol verilir ki, bu da yalnız həkimlərin deyil, bütövlükdə Azərbaycan səhiyyəsinin, icbari sığortaya cavabdeh qurumların gördüyü işə kölgə salır.

Bəs, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin bundan xəbəri varmı? Onların belə neqativ hallara münasibəti necədir?

Bu barədə bir qədər sonra...

DƏLƏDUZLUĞUN İMPLANT SƏVİYYƏSİ

Hələliksə həmin neqativ halların yalnız biri barədə danışmaq istəyirik.

Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanda cərrahiyə əməliyyatlarının sayı ildən-ilə artır. Son vaxtlar cərrahların ən çox həyata keçirdiyi əməliyyatlardan biri də fəqərələrarası disk yırtığının aradan qaldırılması ilə bağlıdır.

Bakupost.az -ın əldə etdiyi məlumata görə, İTS sistemində əsas qanunsuzluqlardan biri bu əməliyyatın icrası zamanı həyata keçirilir.

Belə ki, cərrahlar icbari tibbi sığorta ilə əməliyyata gələn pasiyentlərə fiksasiya əməliyyatı edirlər. Yəni əməliyyatdan əlavə pasiyentlərin fəqərələri arasına implant yerləşdirirlər.

Məsələ burasındadır ki, bu implantlardan xüsusi göstərişlə, yalnız zəruri hallarda istifadə olunmalıdır.


Mütəxəssislərin bildirdiyinə görə, pasiyentin fəqərəsinə implant yalnız instabil hallar müşahidə oldunduqda, yaxud belə bir halın yaranacağına dair ciddi əlamətlər olduqda icazə verilir.

Dəhşətlisi odur ki, hazırda Azərbaycandakı dövlət xəstəxanalarının əksəriyyətində ağına-bozuna baxmadan, kimə gəldi fiksasiya əməliyyatı edirlər.

Təbii olaraq, sual yaranır: Həkimlər niyə bu addımı atırlar? Ehtiyac olmadığı halda niyə fəqərələrarası disk yırtığı əməliyyatı ilə kifayətlənmir, əlavə olaraq, fiksasiya əməliyyatı icra edib pasiyentin fəqərələri arasına implant qoyurlar?
Əldə etdiyimiz məlumata görə, bunun sığortalı xəstələrə şamil olunması təsadüfi deyil. Belə ki, sığorta ödənişi ilə əməliyyat zamanı həkim anlayır ki, pasiyentdən əlavə pul ala bilməyəcək. Ona görə də o, belə bir dələduzluğa əl atır. Xəstəyə bildirir ki, sizə implant qoymalıyıq, implantın pulunu isə sığorta ödəmir, onu özünüz verərsiniz. Hər xəstədən 1000 manat alan həkim onun 500-nü implant üçün ödəyir, 500-nü isə cibinə qoyur. Bununla da ayda 10-20 əməliyyat edən həkim maaşdan əlavə 5-10 min manat qazanc əldə edir.

Beləliklə, əlavə qazanc naminə fəqərələrarası disk yırtığı əməliyyat üçün müraciət edən pasiyentləri ucdantutma fiksasiya əməliyyatı edirlər.




HƏKİMLƏRİ DƏLƏDUZLUĞA MƏCBUR EDƏN AMİL

Qeyd edək ki, rəsmi statistika da son vaxtlar icbari tibbi sığorta hesabına fəqərələrarası disk yırtığı əməliyyatlarının sayının artdığını göstərir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ünvanladığımız sorğuya bildirilib ki, təkcə 2024-cü ilin ilk 6 ayı ərzində 2014 sayda fəqərələrarası disk yırtığı əməliyyatı icra olunub:

"Bunlardan 792-si TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, 1222-si isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində həkim göstərişi əsasında aparılıb".

Göründüyü kimi, ildə təqribən 4 mindən artıq fəqərələrarası disk yırtığı əməliyyatı İTS ödənişləri ilə ya dövlət xəstəxanalarında, ya da Agentliklə müqaviləsi olan klinikalarda həyata keçirilir.

Maraqlıdır, bəs İTS-nin dövlət xəsətxanalarında işləyən cərrahlar niyə bu dələduzluğa əl atırlar?

Araşdırmalarımız zamanı bu sualın cavabı da aydın oldu. Proses barədə bilgili olan həkimlərdən aldığımız məlumata görə, sözügedən əməliyyatların xeyli hissəsi məhz dövlət xəstəxanaları və ya İTS ilə müqaviləsi olan klinikalara yönləndirilir:

"Həkimlərə deyirlər ki, gedib özəl klinikalarda işləməyin, gəlin dövlətdə işləyin, sizə əməliyyat verəcəyik. İşə cəlb olunanlara fiks maaş verirlər. Məsələn, hazırda uzman həkimlərə 5-8 min manat arası maaş verilir. Adi həkimlərə isə 1100-1400 manat. O da baxır hansı sahənin həkimidir. Çoxtapılan həkimdirsə, ona 1100 manatdan artıq maaş vermirlər. Xəstədən də xüsusi hallar xaric pul almağa qoymurlar. Həkim də baxır ki, 1 əməliyyatdan ona 17-25 manat bonus yazılır. Ona görə də heç kim 17-25 manata görə xəstə ilə üz-üzə qalmaq istəmir. Çünki bu riskə dəymir. Deyək ki, 1100 manat maaş alan cərrah ayda lap 100 əməliyyat edir. 20 manatdan götürsək, maaşdan əlavə 2000 manat bonus alır. Ümumilikdə aylıq qazancı 3000-3500 manat olur. O da düşünür ki, 12 il əziyyət çəkib 3-4 minə görə oxumamışam ki... Ona görə də belə həkimlər xəstə yaxınlarını aldadıb guya, xəstənin fiksasiya əməliyyatına ehtiyacı olduğunu bildirilər".

İndi isə qayıdaq yuxarıda qoyduğumuz suallara: TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin bundan xəbəri varmı? Pasiyentin müvafiq tibbi göstəriş arasında əməliyyat olunmasına kim nəzarət etməlidir?

Məsələ ilə bağlı hər iki dövlət qurumuna sorğu ünvanladıq, davamı olacaq...